"Qəbələ"nin müdafiəçisi: "Belə hallara öyrəşmişik, həmişə çətinlik görmüşük"
"Heyətimiz kasaddır. Amma belə hallara öyrəşmişik. Həmişə çətinlik görmüşük".
Bunu "QELEBE.AZ"a açıqlamasında "Qəbələ"nin futbolçusu Murad Musayev Premyer Liqanın ilk üç turunda məğlub olmaları ilə bağlı danışarkən deyib.
29 yaşlı müdafiəçi çətinliyin öhdəsindən gələcəklərinə inandığını söyləyib: "Sözün düzü, bu heyətlə mübarizə aparmaq çətindir. Alternativin çox olması oyunçu və məşqçi üçün rahatlıqdır. Transferlərlə bağlı qərarı isə məşqçilər və rəhbərlik verir. Komanda ruhunu qaytarmaq üçün bizə bir qələbə lazımdır. Ümid edirəm ki, bundan sonra hər şey daha fərqli olacaq və əvvəlki "Qəbələ"ni görəcəksiniz".
Musayev komandaya yeni oyunçuların cəlb olunduğunu da xatırladıb: "Uyğunlaşmaq üçün bir az vaxt lazımdır. İstənilən halda, belə startı özümüz də gözləmirdik. Çünki ən azından daha yaxşısına ümid edirdik. "Sabah"a ilk turda uduzduqdan (0:5) sonra qələbələr qazanaraq özümüzə gələcəyimizi düşündük. Təəssüf ki, alınmadı. Amma biz gələcəyə baxırıq. Bu durumu dəyişə biləcəyimizə inanırıq".
Oyunçu II turda "Araz-Naxçıvan"a (0:2), ardınca isə "Sumqayıt"a (1:2) məğlubiyyəti şərh edib: "Araz-Naxçıvan"la oyunu ümumiyyətlə, xatırlamaq istəmirəm. Bu matçda komanda şəklində bərbad oyun sərgilədik. Qələbə üçün heç nə etmədik. "Sumqayıt"la görüşün ikinci hissəsində yaxşı təsir bağışladıq, amma yenə məğlub olduq. Yeni komandayıq. Biz də vəziyyəti dəyişmək üçün çalışırıq. "Qəbələ" hər zaman iddialı olub. Rəqiblər bizdən çəkinib, qorxub. Ümid edirəm ki, gələcəkdə də belə olacaq".
Müdafiəçi IV turda üz-üzə gələcəkləri "Neftçi" ilə matç haqqında da fikirlərini bölüşüb: "Çox ağır olacaq. Rəqib həmişəki kimi iddialıdır. Amma onlar da ilk üç turda qələbə qazanmayıblar. Bu qarşılaşmada hər şeyi dəyişmək və qalibiyyət əldə etmək niyyətindəyik".
Qeyd edək ki, avqustun 27-də keçiriləcək "Neftçi" - "Qəbələ" qarşılaşması saat 18:30-da başlayacaq.

https://qalaba.az//uploads/photo/qebelenin-mudafiechisi-bele-hallara-oyreshmishik-hemishe-chetinlik-gormushuk.webp











