"Neftçi"nin baş məşqçisi: "İlk yarıda hesabı artırmaq üçün şanslarımız oldu"
"Bizim üçün bir az üzücü oldu. İlk hissədə çox yaxşı oyun sərgilədik, qol vurduq və hesabı artırmaq üçün 2-3 real şansımız də var idi".
"QELEBE.AZ"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Qarabağ"a səfərdə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis son saniyələrədək mübarizə aparmalı olduqlarını bildirib: "Oyunçular dərk etməlidirlər ki, futbol 90 dəqiqə oynanılır. İkinci yarıda sadə səhvlərlə rəqibin işini asanlaşdırdıq. Bu, "Qarabağ"a qarşı ilk matç idi. Rəqibi təbrik edirəm. Növbəti qarşılaşmada daha güclü olacağıq".
Rumıniyalı baş məşqçi görüşü analiz edəcəklərini söyləyib: "Qarabağ" daha çox qol vura bilərdi. Qapımızda gördüyümüz ilk qolda pressinqdən çıxdılar və hücuma keçib fərqləndilər. Yəni, çox asan qol alındı".
Regekampf Salomon Kverkveliyanın start heyətdə meydana çıxmamasının səbəbini açıqlayıb: "O, Gürcüstan millisinin düşərgəsindən yeni gəlmişdi. Çempionatdakı fasilədə Mamadu Mboc üzərində çox yaxşı çalışdı. Həftə ərzindəki məşqlərə əsasən belə qərar verdim".
Mütəxəssis hücumdan müdafiəyə tez qayıtmadıqlarını sözlərinə əlavə edib: "Keçidlərdən yaxşı istifadə edə bilmirik. Buna görə də qapımız qarşısında çoxlu qol epizodları yarandı. Oyunçular və komandam haqqında danışmaq istəmirəm. Bir yerdə çalışırıq. Hər kəs ən yaxşısını etməyə çalışır. Bütün futbolçularımıza inanırıq. Özümüzü kimləsə müqayisə etmək istəmirik".

https://qalaba.az//uploads/photo/neftchinin-bash-meshqchisi-ilk-yarida-hesabi-artirmaq-uchun-shanslarimiz-oldu.webp











