Ekspert: "Qarabağ" lazım olan nəticəni əldə edib, komandanı nədəsə ittiham etmək düzgün olmaz"
"Vacib olan nəticədir və komanda bunu əldə edib. Artıq bundan sonra onları nədəsə ittiham etmək düzgün olmaz".
Bunu "QELEBE.AZ"a açıqlamasında futbol eksperti, menecer Səbuhi Səfiyarlı "Qarabağ"ın Norveçdə "Molde" ilə heç-heçə (2:2) etdiyi Avropa Liqasının qrup mərhələsinin V turunun oyunu ilə bağlı danışarkən deyib.
O, bu qarşılaşmada "köhlən atlar"ın əleyhinə çox şeyin olduğunu bildirib: "Matçın gec saatda başlaması, hava şəraiti və süni ot örtüyü "Qarabağ"ın öyrəşmədiyi şeylərdir. Bunların komandanın əleyhinə işləyəcəyi bəlli idi. Belə də oldu. Rəqibin ikinci hissədə böyük üstünlüyə sahib olmasının səbəbi bunlardan lazımınca yararlanması ilə bağlıdır. Təmsilçimiz birinci hissədə daha yaxşı oynadı. İkinci yarıda rəqib çox təzyiq etdi. İtirəcəkləri bir şey olmadığı üçün bütün gücləri ilə hücuma atıldılar. Sosial şəbəkələrdə bəzi iradlara rast gəldim. Amma komandanın əlində olan ən yaxşı futbolçular meydandakılar idi. Bu il "Qarabağ"ın çatışmayan cəhətlərindən biri ehtiyat qüvvənin ötən illə müqayisədə daha zəif olmasıdır. Məhz ona görə də ikinci hissədə oyunu dəyişmək və təzyiqi azaltmaq üçün lazımi dəyişikliklər edə bilmədilər. Bunu etmək üçün əldə kifayət qədər material olmalıdır".
Səfiyarlı ölkə çempionunun böyük təzyiqə baxmayaraq, əzmkarlıq göstərdiyini vurğulayıb: "Hesabı da 80-ci dəqiqələrədək saxlaya bildilər. Qalib gələ və ya məğlub da ola bilərdilər. "Qarabağ" artıq işin böyük hissəsini həll edib. Evdə "Hakken"i (İsveç) məğlub edərək Avropa Liqasında pley-offa vəsiqə qazanmaq qalıb. Komanda məğlub da ola bilərdi. Tək "Qarabağ" yox, Azərbaycan futbolunda çalışan hər kəs bu qrupdakı matçlardan dərs çıxarmalıdır".

https://qalaba.az//uploads/photo/ekspert-qarabag-lazim-olan-neticeni-elde-edib-komandani-nedese-ittiham-etmek-duzgun-olmaz.webp











