AFFA cəzaları açıqladı: “Zirə”nin futbolçusu 2, “Kəpəz”in müdafiəçisi 4 matçda oynamayacaq
AFFA İntizam Komitəsinin iclası keçirilib.
“Report” xəbər verir ki, bu gün keçirilən iclasda “Zirə”, “Kəpəz”, “Şamaxı” və “Neftçi” klubları cərimələniblər.
Belə ki, Premyer Liqanın X turunun “Şamaxı” – “Qəbələ” oyununda meydan sahiblərinin 23 nömrəli futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbi ilə “Şamaxı” klubu 3000 manat cərimə olunub.
X turun digər matçı - “Sabah” - “Zirə” oyununda isə qonaqların 91 nömrəli futbolçusu Coşqun Diniyev oyunun 84-cü dəqiqəsində ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub isə 200 manat cərimə olunub.
Coşqun Diniyev həmin oyunun 84-cü dəqiqəsində qırımızı vərəqə alaraq meydanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün əlavə 1 oyun cəzalanıb və klub buna görə 2400 manat cərimə olunub.
Qərara əsasən, stadiondakı əmlaka dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya ediləcək.
“Zirə” klubunun cəzası bununla bitməyib. Belə ki, “qartallar” azarkeşləri tərəfindən nalayiq və təhqiridici sözlərdən istifadə edildiyinə görə daha 4000 manat məbləğində cərimə olunub.
Sözügedən matçda oyun bitdikdən sonra kənar şəxslərin meydana daxil olmasına görə isə “Sabah” klubu 1600 manat məbləğində cərimə olunub.
X turun “Kəpəz” – “Neftçi” oyununda da bir sıra qanun pozuntluarı olub. Belə ki, yanğına qarşı yanğın mühafizə xidməti əməkdaşının oyuna gecikməsinə görə “Kəpəz” klubu 400 manat məbləğində cərimələnib.
Həmin matçda əvəzetmə tablosunun oyunun gedişində işləməməsinə görə “Kəpəz” klubu daha 800 manat məbləğində cərimə ödəyəcək.
Sözügedən matçda “Kəpəz” klubunun 2 nömrəli futbolçusu Zamiq Əliyev oyunun 62-ci dəqiqəsində təcavüzkar davranışa görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.
“Neftçi” klubu isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
X turun “Turan Tovuz” – “Səbail” oyununda matçın gedişində “Səbail” klubunun fotoqrafı meydana və VAR monitoruna çox yaxın durduğuna görə klub 800 manat məbləğində cərimələnib.

https://qalaba.az//uploads/photo/affa-cezalari-achiqladi-zirenin-futbolchusu-2-kepezin-mudafiechisi-4-matchda-oynamayacaq.webp











