"Hypers” klubunun baş məşqçisi: İlk oyunda qələbə qazanmağımıza baxmayaraq, arxayınlaşmayacağıq
Pley-offun ikinci oyununa ciddi hazırlaşırıq. İlk oyunda 2:0 hesablı qələbə qazanmağımıza baxmayaraq, araxayınlaşmayacağıq.
Bunu “Report”a açıqlamasında AFFA Region Liqasında ikinci olan “Hypers” klubunun baş məşqçisi Vüqar Nadirov deyib.
O, Azərbaycanın II Liqasında iştirak hüququ qazanmaq üçün iyunun 5-də “Şəfa” klubu ilə keçirəcəkləri pley-off mərhələsinin cavab qarşılşamasında komandasının şanslarını dəyərləndirib: “Şəfa” klubuna hörmətlə yanaşıram. Onların II Liqa təcrübəsi var və bu, ilk oyunda görünürdü. Rəqibi təhlil etməyə, videolara baxmağa şəraitimiz yoxdur. Bunu da düzəldəcəyik”.
Keçmiş futbolçu AFFA Region Liqasında çıxış barədə danışıb: “Əslində, Region Liqasının finalında qələbə qazanmalı idik. Çünki “Şimal” komandasının heyətində bizdə olduğu qədər təcrübəli futbolçular yox idi. Komandamızın necə təmkinli, kompakt və intizamlı şəkildə oynadığını gördünüz. Futbolda bəxt yaxşı şeydir. Komandamız 120 dəqiqə deyil, daha çox oynaya bilərdi. Buna gücümüz var idi”.
36 yaşlı mütəxəssis ikinci şansdan maksimum yararlanmağa çalışacaqlarını vurğulayıb: “Heyətimizdə bəzi futbolçular var ki, dönərçi, barmen işləyirdilər. Onları futbola gətirdim, bu idman növünə sevgi yaratdım. Belə həvəskar komanda ilə işləmək çətindir. Hazır futbolçu ilə çalışmağa nə var ki? Legioner gətir, pulunu ver, oynayacaq. Sağ olsun sponsor, yaxşı pul xərclədi komandaya. Finalda uduzduq, ancaq daha bir şansımız yarandı və futbolçulara dedim ki, bizə qapı açılıb, onun da açarı sizdədir. Açın, girin içəri”.

https://qalaba.az//uploads/photo/hypers-klubunun-bash-meshqchisi-ilk-oyunda-qelebe-qazanmagimiza-baxmayaraq-arxayinlashmayacagiq.webp











