Azər Bağırov: Albaniya ilə oyun yığmamızın futbolçularına təcrübə qazandıracaq
Albaniya ilə oyun yığmamızın futbolçularına təcrübə qazandıracaq.
Bunu "Report"a açıqlamasında "Araz-Naxçıvan" klubunun sabiq baş məşqçisi Azər Bağırov deyib.
39 yaşlı mütəxəssis bu gün yoldaşlıq görüşü çərçivəsində Albaniya ilə üz-üzə gələcək Azərbaycan millisinin şansları barədə danışıb: "Bu görüş yığmamızın futbolçularına təcrübə qazandıracaq. Belə matçlar baş məşqçilər üçün də xüsusi önəm daşıyır. Hər bir mütəxəssis hazırlıq qarşılaşmalarında öz futbolçularına nəyisə öyrətməyə çalışır. Albaniya yığmasına qarşı oyun çox marqlı alınacaq. Rəqibimiz bir həftə sonra başlayacaq Avropa çempionatının iştirakçısıdır. Albanlara qalib gəlsək, bizim üçün xoş olardı".
A.Bağırov bu oyunun baş məşqçi Arif Əsədov üçün də xüsusi önəm daşıdığını bildirib: "Arif Əsədov neçə illərdir Azərbaycan yığmasında köməkçi məşqçi kimi fəaliyyət göstərir. Milli komandanın hər bir futbolçusuna çox yaxşı bələddir. Bundan başqa, o, Premyer Liqada da baş məşqçi kimi öz sözünü deyib. Niyə Arif Əsədov Azərbaycan millisinin baş məşqçisi olmasın?"
Qeyd edək ki, bu gün Macarıstanda keçiriləcək Azərbaycan - Albaniya oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

https://qalaba.az//uploads/photo/azer-bagirov-albaniya-ile-oyun-yigmamizin-futbolchularina-tecrube-qazandiracaq.webp











