Azərbaycanın daha bir güləşçisi dünya çempionatının finalında

Azərbaycanın daha bir güləşçisi dünya çempionatının finalında

Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə daha 4 çəkidə mübarizəyə start verilib.

Elmir Əliyev (55 kq) ilk mərhələni maneəsiz keçib. Albaniyalı Andi Muka xalçaya çıxmayıb. Milli üzvü 1/8 finalda gücünü çinli Baoji Vuya (9:0), 1/4 finalda isə özbəkistanlı Xociəkbər Kuçkarova (4:2) göstərib. Elmir yarımfinalda isə iranlı Armin Şamsipurhacını “tuş”la yolundan kənarlaşdırıb. Əliyev sabah finalda rusiyalı Alibek Amirovla güləşəcək.

Fəraim Mustafayev (67 kq) hindistanlı Nişant Nişant (8:3) və qırğızıstanlı Bayaman Kərimovu (4:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda belaruslu Qleb Makarankaya minimal fərqlə (3:4) məğlub olub.

Ruslan Nurullayev (72 kq) yaponiyalı Hacime Kikutaya tam üstünlüklə (8:0), moldovalı Vasile Zabikaya isə 4:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Ruslan yarımfinala vəsiqə uğrunda mübarizədə iranlı İman Məhəmmədiyə məğlub olub – 3:5. Rəqib finala yüksəldiyi üçün Nurullayev sabah təsəlliverici görüşə çıxacaq. Təmsilçimiz Oleq Xəlilov (Ukrayna) – Mate Veq (Macarıstan) qarşılaşmasının qalibiylə güləşəcək.

Əli Quliyev (97 kq) təsnifat mərhələsində rusiyalı Maksim Averinə (UWW) uduzub – 1:5.