"Qarabağ" çempionluğu niyə əldən verdi? - Mahir Şükürov səbəbləri açıqladı
“Çətin oyun olacaq”.
Bu sözləri Apasport.az saytına Azərbaycan millisinin sabiq üzvü Mahir Şükürov açıqlamasında deyib.
O, bu gün keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçı çərçivəsində “Sabah” – “Qarabağ” görüşünü dəyərləndirib:
“Şanslar bərabərdir. İlk oyundakı nəticə hər iki komandanın bu kuboku nə dərəcədə istədiyini açıq-aşkar göstərdi. Fikrimcə, üstün tərəf “Qarabağ” olacaq. Ağdam təmsilçisi “Sabah”a qarşı son matçlarda azarkeşlərini sevindirə bilməyib. Bu səbəbdən Qurban Qurbanovun kollektivi bu oyunda yalnız qələbə haqqında düşünəcək. “Bayquşlar” isə qarşıdakı mövsüm avrokubok şansı qazandığı üçün bu görüşə bir qədər təmkinlə yanaşa bilər”.
Şükürov həmçinin “Sabah”ın Premyer Liqada çempionluğu böyük ölçüdə həll etdiyini bildirib:
“Sabah” Premyer Liqada demək olar ki, çempionluğu təmin edib. Onları indidən təbrik edirəm. Komanda bu mövsüm çox yaxşı oyun sərgilədi. “Qarabağ”ın bu il çempionluğu əldən verməsinə gəldikdə isə, bu gözlənilən idi. “Köhlən atlar” mövsümün əvvəlində üç cəbhədə – UEFA Çempionlar Liqası, Premyer Liqa və kubokda mübarizə aparırdı. Təbii ki, əsas və ehtiyat heyət arasında səviyyə fərqinin olması, ağır oyun rejimi və digər amillər klubun “Sabah”a çempionluq yarışında uduzmasına səbəb oldu. Lakin sevindirici hal odur ki, illər sonra “Qarabağ”a rəqib gəldi. Bu da daxili çempionatda intriqanın yenidən artmasına şərait yaradacaq”.
Qeyd edək ki, “Sabah” – “Qarabağ” oyunu saat 20:00-da başlayacaq.

https://qalaba.az//uploads/photo/quotqarabagquot-chempionlugu-niye-elden-verdi-mahir-shukurov-sebebleri-achiqladi.webp