Entoni Teylor Türkiyədə yeni vəzifəyə təyin olundu - TFF açıqladı

Entoni Teylor Türkiyədə yeni vəzifəyə təyin olundu - TFF açıqladı

İngiltərəli sabiq hakim Entoni Teylor Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsində vəzifəyə başlayıb.

Apasport.az xəbər verir ki, o, komitənin Elit Hakimlər Direktoru təyin olunub.

TFF-nin açıqlamasında bildirilib ki, Entoni Teylor yüksək dərəcəli hakimlərin texniki inkişaf proseslərinin planlaşdırılmasına, performansın qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsinə və təlim proqramlarının hazırlanmasına rəhbərlik edəcək.

O, həmçinin oyunların təhlili, hakimlərə geribildirim verilməsi və UEFA ilə FİFA standartlarına uyğun inkişaf strategiyalarının hazırlanmasına cavabdeh olacaq.

Entoni Teylor 2013-cü ildən FİFA referisi kimi fəaliyyət göstərib. O, karyerası ərzində dünya və Avropa çempionatları, UEFA Çempionlar Liqası, Avropa Liqası, Millətlər Liqası və Klublararası Dünya Çempionatı kimi turnirlərdə oyunlar idarə edib.

Qeyd edək ki, ingiltərəli hakim 2022/2023 mövsümündə UEFA Avropa Liqasının, 2023-cü ildə Klublararası Dünya Çempionatının, 2021-ci ildə UEFA Millətlər Liqasının və 2020-ci ildə UEFA Superkubokunun final görüşlərinə təyinat alıb.