FİFA rəhbərliyinə qarşı birgə etiraz - UEFA, AFK və KONKAKAF bəyanat yaydı

FİFA rəhbərliyinə qarşı birgə etiraz - UEFA, AFK və KONKAKAF bəyanat yaydı

UEFA, Asiya Futbol Konfederasiyası (AFK) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (KONKAKAF) FİFA rəhbərliyinin son addımları ilə bağlı birgə bəyanat yayıb.

QELEBE.AZ xəbər verir ki, üç qurumun rəhbər şəxslərinin imzaladığı müraciətdə futbolda idarəçilik, etimad və şəffaflıq məsələləri ilə bağlı ciddi narahatlıq ifadə olunub.

Bəyanatda futbolun heç bir şəxsə və ya quruma məxsus olmadığı vurğulanıb:

"Futbol dünyanı birləşdirən ən böyük sevgidir. O, heç bir şəxsə və ya quruma məxsus deyil. Futbol oyunçulara, azarkeşlərə, klublara, üzv assosiasiyalara və onun gələcəyini qorumaq vəzifəsi daşıyan bütün qurumlara məxsusdur".

Konfederasiyalar son onillikdə dünya futbolunda əldə edilən inkişafın bir nəfərin fəaliyyəti ilə əlaqələndirilməsinin doğru olmadığını bildiriblər. Qeyd olunub ki, turnirlərin genişləndirilməsi, 2030 və 2034-cü il dünya çempionatlarının ev sahiblərinin müəyyənləşdirilməsi və milli assosiasiyalara maliyyə vəsaitlərinin ayrılması FİFA, konfederasiyalar və üzv assosiasiyaların birgə fəaliyyətinin nəticəsidir.

Açıqlamada yaranmış fikir ayrılığının maliyyə məsələsi ilə bağlı olmadığı xüsusi vurğulanıb. Eyni zamanda daha əvvəl kollektiv şəkildə qəbul edilmiş turnirlərin genişləndirilməsi, dünya çempionatına ayrılan yerlər və digər qərarların yenidən nəzərdən keçirilməsinin tələb edilmədiyi bildirilib.

"Bu məsələ daha fundamental bir şeylə - oyunun və ona rəhbərlik etmək üçün seçilən şəxslərin dürüstlüyü ilə bağlıdır. Futbolda rəhbərlik kiminsə mülkiyyəti deyil. Bu, hakimiyyəti əlində saxlamaq və ya tələb etmək məsələsi deyil. Rəhbərlik futbol ailəsinə xidmət etmək vəzifəsidir".

Bəyanatda FİFA-nın vitse-prezidentlərinə və 211 üzv assosiasiyasına göndərdiyi son məktuba da münasibət bildirilib. Konfederasiyaların fikrincə, FİFA baş verənləri kommunikasiya problemi kimi təqdim etsə də, əslində söhbət "yanlış qərardan" gedir.

Xüsusilə FİFA dünya çempionatındakı payın satılmasına yönəlmiş təklif sərt tənqid olunub. Bildirilib ki, belə bir təşəbbüs sadəcə prosedur səhvi deyil, FİFA-nın xidmət etməli olduğu qurumların etimadının fundamental şəkildə pozulmasıdır.

Konfederasiyalar məsələnin FİFA-nın öz daxilində araşdırılmasına da qarşı çıxıblar. Onların mövqeyinə görə, baş verənlərlə bağlı araşdırma FİFA, onun əməkdaşları və ya futbol strukturlarındakı digər maraqlı tərəflər tərəfindən deyil, tam müstəqil üçüncü tərəf tərəfindən aparılmalıdır.

Bəyanatda Mərakeşdə keçirilmiş FİFA rəhbərliyinin toplantısına da toxunulub. Qeyd olunub ki, görüşdə yalnız bir seçkili vəzifəli şəxs iştirak edib, FİFA Şurasının üzvləri və milli assosiasiyaların nümayəndələri isə toplantıya dəvət edilməyiblər.

"Hesabat əvəzinə sükut, şəffaflıq əvəzinə məsafə var. Bunlar futbol rəhbərliyində lazım olan keyfiyyətlər deyil. Məhz buna görə bu mövqeyi tutmuşuq. Bu qərarı nə asanlıqla, nə də təkbaşına qəbul etmişik. Biz bunu birlikdə və xidmət etdiyimiz oyun qarşısındakı vəzifəmizə görə etmişik".

Sonda UEFA, AFK və KONKAKAF futbol ictimaiyyətini birliyə çağırıb və rəhbərliyin "futbola əmr etmək deyil, ona xidmət etmək" prinsipi ilə fəaliyyət göstərməli olduğunu vurğulayıb.

Birgə bəyanatı AFK prezidenti Salman bin İbrahim Əl Xəlifə, KONKAKAF prezidenti Viktor Montalyani, UEFA prezidenti Aleksander Çeferin, AFK-nin baş katibi Datuk Seri Vindsor Con, KONKAKAF-ın baş katibi Filip Moqqio və UEFA-nın baş katibi Teodor Teodoridis imzalayıblar.