Qurban Qurbanov: Hər şey yoluna düşəcək
"Qarabağ" UEFA Konfrans Liqası III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda Kiyev "Dinamo"sunu qəbul edəcək.
QELEBE.AZ xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Qurban Qurbanov əvvəlcə dünənki qələbə münasibətilə "Sabah"ı təbrik edib: “Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. Böyük uğurdur. Buna ancaq sevinməliyik”.
O, Kiyev “Dinamo”su ilə matça pis hazırlaşmadıqlarını vurğulayıb: “Bir neçə gün vaxtımız oldu, səmərəli istifadə edə bildik. Hesabda 0:1 geridə olsaq da, çalışacağıq ki, yaxşı nəticə əldə edək. İnanıram ki, futbolçular oyuna tam köklənəcəklər. Qarşımızda yaxşı müdafiə olunan rəqib var. Amma inanıram ki, yaxşı nəticə üçün futbolçular ən yaxşısını edəcəklər”.
"Qarabağ"ın baş məşqçisi "Dinamo"ya qarşı ilk oyunda fərdi səhvlərin səbəbini açıqlayıb: “Çox da rotasiya etməmişdik. Cəbrayıl ilk dəfə əsas heyətdə idi. Əvvəlki oyunlarda özünü pis tərəfdən göstərməmişdi. Oyunun gedişatında da pis deyildi. Sadəcə ola bilər ki, daha aktiv olmaq lazım idi. Rəqib sənə səhv etməyə şərait yaradır. Bəzən oyunun tempi aşağı olanda səhvlər olur, bəzən rahat davranırsan. Temp aşağı olanda rəqib sənə daha tez yaxınlaşır. Bu da səbəb ola bilər. Hər bir halda, səhvləri aradan qaldırmalıyıq. Yaxşı nəticə qazanmaq istəyiriksə, texniki səhvlər azalmalıdır. Təcrübəli oyunçular üçün futbolun dili birdir”.
Qurban Qurbanov komandanın 3 oyundur qol vura bilməməsinin psixoloji basqı yaratdığını deyib: “İllərdir bu işin içindəyəm və bunu normal qarşılayıram. Futbolçular nə qədər keyfiyyətli oynasalar, o qədər inamlı olurlar. Qol vurmamaq istənilən komandada olur. Bunu aradan qaldırmağa çalışırıq. Komandalar bizə qarşı çox yaxşı müdafiə olunurlar. Qol vurmaq üçün daha artığını etməliyik. Bir az da öz planımızdan kənarda qaldıq. Zədə, bəzi oyunçuların tam hazır olmaması... Hər şey yoluna düşəcək”.
Qurban Qurbanov Abdullah Zubirin "Qarabağ"dan gedəcəyi ilə bağlı iddialara münasibət bildirməyib.

https://qalaba.az//uploads/photo/qurban-qurbanov-her-shey-yoluna-dushecek.webp











