Ayşən xanım, problem xalqda deyil – Başını aşağı sal, topunu oyna

Ayşən xanım, problem xalqda deyil – Başını aşağı sal, topunu oyna

Heç kimə sirr deyil ki, Azərbaycan idman mətbuatının böyük hissəsi futbola yönəlib. Amma bu, idman jurnalistlərinin futboldan başqa heç nə bilmədiyi anlamına gəlmir.

Bu gün əsasən futboldan yazan jurnalistlərin böyük əksəriyyəti həmçinin taekvondo, cüdo, güləş, atletika, basketbol, voleybol yarışlarında işləyib. Olimpiya Oyunlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında saatlarla arenalarda oturub, mikrofonunu idmançıya, məşqçiyə uzadıb, Azərbaycan ictimaiyyətinə həmin yarışlardan məlumatlar, xəbərlər çatdırıb.

Son günlər Azərbaycan qadın voleybol millisinin üzvü Ayşən Abdüləzimovanın jurnalistlərə və ümumilikdə azarkeşlərə münasibəti təəccübləndirir.

Ayşən xanım, əvvəla onu deyim ki, ilk cümlədə yazdığım fakta görə Allah üzünüzə baxıb. Gəlin, bir anlıq Azərbaycan millisində hər uğursuz oyundan sonra tənqid olunan futbolçularımızın yerində olduğunuzu düşünün. Elvin Cəfərquliyevin, Nəriman Axundzadənin, Mahir Emrelinin və ya hər zəif çıxışından sonra günlərlə müzakirə edilən, tənqid olunan başqa bir futbolçunun...

Onların hər biri tənqiddən sonra miks-zonada jurnalistin üstünə çımxırsaydı, bunu normal qarşılayardıqmı? Əlbəttə, yox.

Jurnalistlər bir qırağa, xalqın gözündə hansı səviyyəyə düşərdilər?

Çünki peşəkar idmanda alqış da var, tənqid də. Qələbəni qəbul etdiyin kimi, uğursuzluqdan sonra verilən sualı da qəbul etməyi bacarmalısan. Maraqlıdır ki, illərdir ortada normal bir nəticəniz, uğurunuz da yoxdur.

Nümunə üçün çox uzağa getməyək, Türkiyə qadın voleybol millisinə baxaq.

Daniele Santarellinin komandası 2023-cü ildə Avropa çempionu oldu, 2025-ci ildə Dünya çempionatının finalına yüksələrək gümüş medal qazandı, 2026-cı ildə isə Millətlər Liqasının qalibi oldu.

Dünya səviyyəli komanda.

Türkiyə mətbuatı onları tənqid etmir?

Yeri gəlir Santarelli də tənqid olunur, Melissa Varqas da, Ebrar Karakurt da, Zehra Güneş də, Hande də, İlkin də. Heyət seçimi də müzakirə edilir, zəif oyun da, taktiki qərarlar da. Bəzən qələbədən sonra belə komandanın çatışmazlıqları yazılır.

Amma mən nə Ebrarın, nə Varqasın, nə Zehranın çıxıb jurnalistə “bozardığını”, oyununu işıqlandıran adama kobud şəkildə “kənara” dediyini xatırlayıram.

Bu insanlar Avropa çempionu, dünya ikincisi, Millətlər Liqasının qalibi ola-ola tənqidə dözürlər.

Ayşən xanım, onda sual yaranır: Azərbaycan millisinin qazandığı hansı nəticə bizə tənqid qarşısında bu qədər dözümsüz davranmaq haqqı verir? Neyləmisiniz indiyə kimi?

Hələ durub təkəbbürlü şəkildə, istehzayla deyirsiniz ki, heç Azərbaycan xalqının yarısı da voleybol nədir bilmir.

Xeyr.

Azərbaycan xalqı voleybolun nə olduğunu çox gözəl bilir. Ən azından bilirdi.

Bu xalq Parxomenkoları, Şabovtanı, Korotenkonu, Alla Həsənovanı görüb. Azərbaycan millisinin 2005-ci ildə Avropa çempionatında dördüncü olmasını da, əfsanəvi “Azərreyl”i də.

Vaxtilə milli komandanın oyunlarını gözləyən, voleybolçuların adlarını əzbər bilən yaşı 7-dən 70-ə böyük azarkeş kütləsi vardı.

Bəli, son illərdə Azərbaycan azarkeşi voleyboldan uzaqlaşıb. Yoxsa bunun da günahı jurnalistdə, xalqdadır? 

Bəlkə problem xalqın voleyboldan başının çıxmamasında deyil, Azərbaycan voleybolunun uzun illər əvvəlki səviyyədən uzaq düşməsindədir?

İndi Bakıda keçirilən Avropa çempionatı ilə insanlar yenidən voleybola maraq göstərməyə başlayıblar. Tribunaya gəlirlər, milli komandaya dəstək verirlər, qələbəyə sevinirlər, məğlubiyyətə üzülürlər.

Bunun qarşılığında onları aşağılamaq yox, təşəkkür etmək lazımdır. Sən dur, jurnalisti acıla, xalqı bilgisiz adlandır. Nədir sizin dərdiniz, Ayşən xanım?

Belçikaya məğlubiyyətdən sonra miks-zonada həmkarımız, “Offsideplus”un əməkdaşı Murad Şirinovu sanki miks-zona sizə məxsusdurmuş kimi qovursunuz. Adam sizə deyir ki, mən sizdən açıqlama almıram, başqa voleybolçudan alacam, siz isə üzünüzdə, səsinizdə inanılmaz bir antipatiya, xoşagəlməzliklə “kənaraa” deyə çığırırsınız. 

Jurnalist heç sizə sual da vermədi, versə belə, sualı xoşunuza gəlməyə bilər, normaldır. Cavab verməyə bilərsiniz. Etirazınızı da bildirə bilərsiniz.

Amma bunun da bir üslubu var.

Peşəkar idmançı, sonda sənə Azərbaycan idmanını illərdir izləyən jurnalist kimi yox, elə sıravi azarkeş kimi bir tövsiyəm var: başını aşağı sal, topunu oyna. Problem nə jurnalistdədir, nə də Azərbaycan xalqında. Tənqidə cavab vermək istəyirsənsə, bunu miks-zonada səsini qaldırmaqla yox, meydanda göstərdiyin oyunla et. Enerjini jurnalistlərlə polemikaya yox, Azərbaycan millisinin nəticələrinə sərf et.