Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Oktyabrın 8-də Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında ilk dəfə voleybol festivalı təşkil olunacaq.

QELEBE.AZ xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyası və “Gəncə” VK-nın təşkilatçılığı, “AzerGold” QSC-nin dəstəyi ilə keçiriləcək tədbir “Voleybolun nəbzi Gəncədə döyünür!” şüarı altında baş tutacaq.

Festivalın əsas məqsədi Gəncədə voleybolun təbliği, uşaqlar və yeniyetmələr arasında bu idman növünə marağın artırılması və sağlam həyat tərzinin təşviqidir.

Tədbir çərçivəsində peşəkar voleybolçuların iştirakı ilə ustad dərsləri və dostluq oyunu keçiriləcək. Həmçinin 10–14 yaşlı uşaqlar arasında mini voleybol turniri təşkil olunacaq. İştirakçılar üçün müxtəlif bacarıq və əyləncə proqramları da nəzərdə tutulub.

Uşaqlar öz bacarıqlarını nümayiş etdirmək, voleybolun əsas elementlərini öyrənmək və peşəkar idmançılarla birbaşa ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

Festivalın xüsusi məqamlarından biri “Gəncə” VK-nın 2026/2027-ci illər mövsümü üçün heyətinin təqdimatı olacaq. Yeni mövsüm üçün formalaşdırılan komanda azarkeşlərə təqdim ediləcək.

İştirakçılar və azarkeşlər voleybolçularla görüşərək onlardan avtoqraf ala, xatirə şəkilləri çəkdirə və günün xoş anlarını bölüşə biləcəklər. Festival çərçivəsində fləşmobun keçirilməsi də nəzərdə tutulub.

Voleybol, musiqi və əyləncəni bir araya gətirəcək tədbirin sonunda iştirakçılar üçün xüsusi konsert proqramı təqdim olunacaq.