Boksçularımızdan Avropa çempionatında 3 bürünc medal
Monteneqronun Budva şəhərində boks üzrə U-17 Avropa çempionatında yarımfinal görüşləri keçirilib.
Apasport.az xəbər verir ki, döyüşlərin nəticəsinə əsasən Azərbaycan millisinin 5 boksçusu finala vəsiqə qazanıb.
Cəmilə Muradlı (57 kq) Morena Stifani (İtaliya) ilə üz-üzə gəlib və növbəti qələbəsini qazanıb – 4:1 (30:27, 28:29, 30:27, 29:28, 30:27). O, çempionluq üçün Aliya İbrahimlə (Almaniya) qarşılaşacaq.
Səma Abbasova (66 kq) İustina Anufriyevanı (Rusiya) 4:1 (30:27, 28:29, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib. Milli üzvü həlledici görüşdə Ada Eybeylə (Türkiyə) qüvvəsini sınayacaq.
Həsrət Məmmədov (46 kq) bu dəfə Ronan Çarlzdan (İrlandiya) güclü olub – 3:2 (28:29, 30:27, 30:27, 30:27, 28:29). Boksçumuz finalda Kristi Kaşunu (Rumıniya) sınağa çəkəcək.
İsmayıl Nəsirzadə (52 kq) Martin Nevinlə (İrlandiya) döyüşü də aktivinə yazıb – 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28). Təmsilçimizin həlledici döyüşdə rəqibi Şaylo Makleod (İngiltərə) olacaq.
Məhəmmədəli İstamov (57 kq) isə Nikita Zaxarçenkoya (Ukrayna) heç bir şans verməyib – 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26). O, qızıl medal görüşündə Con Elamla (İngiltərə) münasibətinə aydınlıq gətirəcək.
Daha 3 boksçumuz – Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) isə çempionatı bürünc medalla başa vurublar.
Qeyd edək ki, final döyüşləri oktyabrın 11-də olacaq.

https://qalaba.az//uploads/photo/bokschularimizdan-avropa-chempionatinda-3-burunc-medal.webp