AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə Yunanıstanın Santorini adasında keçirilən Mərkəzi və Şərqi Avropa ölkələrinin III Antidopinq Sammitində süni intellektin antidopinq sahəsində tətbiqi imkanlarını təqdim edib.
QELEBE.AZ xəbər verir ki, bunu AMADA-nın mətbuat xidməti açıqlayıb.
Yunanıstan Antidopinq Agentliyinin (EOKAN/HADA) ev sahibliyi etdiyi sammitdə Ümumdünya Antidopinq Agentliyinin (WADA), milli antidopinq təşkilatlarının və Avropa institutlarının nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində 2027-ci il Ümumdünya Antidopinq Məcəlləsinin və beynəlxalq standartların tətbiqi, milli antidopinq sistemlərinin maliyyələşdirilməsi, Terapevtik istifadə üçün istisnalar, nəticələrin idarə edilməsi, eləcə də ADAMS və DCO Central sistemlərindən istifadənin praktiki aspektləri müzakirə olunub.
T.Tağı-zadə "Antidopinq sahəsində süni intellektdən istifadə" mövzusundakı panel müzakirəsində testlərin planlaşdırılması, araşdırmalar və maarifləndirmə istiqamətləri üzrə konkret yanaşmalar nümayiş etdirib. O, süni intellektin əvvəlki məlumatların təhlili, boşluqların müəyyənləşdirilməsi və resursların risklərə uyğun bölünməsində köməkçi alət kimi vacibliyini önə çəkib. İdmançıların yarış nəticələrini zaman üzrə izləyən Performans Pasportunun digər elmi və analitik vasitələrlə birlikdə məqsədyönlü testlərin planlaşdırılmasına töhfə verə biləcəyi qeyd olunub.
AMADA rəhbəri süni intellektdən istifadənin fərdi məlumatların qorunması, informasiya təhlükəsizliyi və idmançı hüquqlarına hörmət prinsiplərinə əsaslanmalı olduğunu bildirib. O, yekun qərarların qəbulunda insan ekspertizasının və peşəkar məsuliyyətin saxlanılmasının vacibliyini əlavə edib.

https://qalaba.az//uploads/photo/amada-rehberi-tehmine-tagi-zade-yunanistanda-suni-intellektin-antidopinqde-tetbiqinden-danishib.webp