Tovuzda Çempionlar Liqası matçına hazırlıq başa çatıb
Tovuzda keçiriləcək Çempionlar Liqası qarşılaşmasına hazırlıq işləri yekunlaşıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan çempionu “Turan”la Xorvatiyanın “Mladost-Zaqreb” komandası arasında keçiriləcək oyun üçün Tovuz Olimpiya İdman Kompleksi tam hazır vəziyyətə gətirilib.
Voleybol zalında Avropa Voleybol Konfederasiyasının (CEV) tələblərinə uyğun olaraq müasir “Terafleks” örtük quraşdırılıb. Tamaşaçı tutumu artırılaraq 1500 nəfərə çatdırılıb. Arenada iki yeni tribuna, müasir oturacaqlar və VIP zona yaradılıb. Bundan əlavə, xüsusi işıqlandırma sistemi qurulub. CEV-in tələblərinə uyğun olaraq mətbuat konfransı otağı və miks zonalar hazırlanıb. Arenada və kompleksin ərazisində böyük monitorlar da quraşdırılıb.
Qarşılaşmadan əvvəl Tovuz Olimpiya İdman Kompleksinin qarşısında geniş konsert proqramı təşkil olunacaq. Azarkeşlər matçı kompleksin qarşısında quraşdırılan böyük monitorlar vasitəsilə də izləyə biləcəklər.
“Turan” qarşılaşmaya tam hazırdır və komandanın heyətində itki yoxdur. Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmağı hədəfləyən klub yeni mövsüm üçün büdcəsini artırıb və təcrübəli oyunçulardan ibarət heyət formalaşdırıb.
Oyuna maraq böyükdür. Klubun azarkeşlərə ödənişsiz təqdim etdiyi biletlər qısa müddətdə tükənib.
Qeyd edək ki, “Turan” – “Mladost-Zaqreb” qarşılaşması oktyabrın 20-də saat 19:00-da başlayacaq.

https://qalaba.az//uploads/photo/tovuzda-chempionlar-liqasi-matchina-hazirliq-basha-chatib.webp