Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda keçiriləcək “Beşiktaş” – “Hapoel Beer-Şeva” qarşılaşması üçün xüsusi təhlükəsizlik tədbirləri həyata keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, Gürcüstanın Batumi şəhərində baş tutacaq matçda Türkiyə və İsrail klublarının azarkeşləri eyni stadionda olacaqlar.
“Beşiktaş” azarkeşləri onlar üçün ayrılmış biletlərin böyük hissəsini artıq alıblar. Qarşılaşmanı tribunadan təxminən 300 “Hapoel Beer-Şeva” tərəfdarının da izləyəcəyi gözlənilir.
Uzun illərdən sonra Türkiyə və İsrail klublarının azarkeşlərinin eyni stadionda oyun izləyəcəkləri nəzərə alınaraq, qarşılaşma zamanı təhlükəsizlik tədbirləri gücləndiriləcək.
İki ölkə klublarının azarkeşlərinin eyni stadionda olduğu son qarşılaşma 2022-ci ildə keçirilib.
Həmin gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Başakşəhər” İstanbulda İsrailin “Makkabi Netanya” klubunu qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.
“Başakşəhər Fatih Terim” stadionunda keçirilən matçı 2776 tamaşaçı izləyib. Onlardan təxminən 1000 nəfəri İsraildən gələn “Makkabi Netanya” azarkeşləri olub.
Qeyd edək ki, “Beşiktaş” – “Hapoel Beer-Şeva” matçı noyabrın 26-da Gürcüstanın Batumi şəhərindəki “Batumi Stadium”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

https://qalaba.az//uploads/photo/turkiye-ve-israil-azarkeshleri-iller-sonra-yeniden-bir-stadionda.webp