"Neftçi"nin Azərbaycan çempionatında vurduğu ilk topun müəllifi: "Bu qədər müddətə 1500 qol çox azdır"
"Bu qədər müddətə vurulan qol sayı azdır. Daha çox olmalı idi".
Bunu "QELEBE.AZ"a açıqlamasında "Neftçi"nin sabiq futbolçusu Yunis Hüseynov "ağ-qaralar"ın Azərbaycan çempionatları tarixində 1500-cü qolunu vurması barədə danışarkən deyib.
Paytaxt klubunun ölkə çempionatlarındakı ilk qolunun müəllifi olan veteran hücumçu həmin topu necə vurduğunu xatırlayıb: "Yadıma gəlir, Tofiq Bəhramov adına Respublika stadionunda "Sumqayıt"la oynayırdıq, penaltidən fərqlənmişdim. Özü də təmiz 11 metrlik zərbə idi, elə belə deyildi. Topu qolkiperin soluna vurdum. Qapıda da Elxan Həsənov dayanmışdı. O, əvvəl bizdə çıxış edirdi. Sadəcə, həmin mövsüm bir çox aparıcı oyunçu kimi "gənclik şəhəri" təmsilçisinə keçmişdi. Mən də ilk dövrəni oynadıqdan sonra İrana getdim və 3 ay orada oynadım. Mövsümün ilk yarısında Azərbaycan çempionatında 29 qol vurmuşdum. Səhv etmirəmsə, bombardir 35 və ya 39 dəfə fərqlənmişdi. "Neftçi"ni tərk etməsəydim, bəlkə də 50-yə çatardım".
O, "Neftçi"nin 1500-cü qoluna imza atan Emin Mahmudovu da bu münasibətlə təbrik edib.
Hüseynov son vaxtlar "ağ-qaralar"ın sərgilədiyi oyuna və qazandığı nəticələrə də toxunub: "Əvvəlki matçlarına baxanda əsəbiləşirdim. Amma dünənki görüş çox xoşuma gəldi. "Neftçi" məhz bu cür aqressiv və istəkli oynamalıdır. Hiss olunurdu ki, komanda yalnız qələbəni düşünür. Bu, çox yaxşı haldır. Həmişə belə oynasalar, tərif eşidəcəklər".
Yunis Hüseynov 1984-1992 və 1993-1998-ci illərdə "Neftçi"nin formasını geyinib.
Qeyd edək ki, "Neftçi"nin "Turan-Tovuz"u 4:0 hesabı ilə məğlub etdiyi oyunda tovuzluları 4-cü dəfə məyus edən "ağ-qaralar"ın yarımmüdafiəçisi Emin Mahmudov klubun Azərbaycan çempionatları tarixindəki 1500-cü qoluna imza atıb.

https://qalaba.az//uploads/photo/neftchinin-azerbaycan-chempionatinda-vurdugu-ilk-topun-muellifi-bu-qeder-muddete-1500-qol-chox-azdir.webp













