"Vətənə ən yüksək dərəcə ilə qayıtmaq istəyirdim. Amma belə bir deyim var ki, idmançı fəxri kürsüdədirsə, deməli, güclüdür".
Bunu "QELEBE.AZ"un Polşaya ezam olunmuş əməkdaşına açıqlamasında III Avropa Oyunlarında bürünc medal qazanan Azərbaycan karateçisi Asiman Qurbanlı deyib.
84 kq-dan yuxarı çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxan milli üzvü özünü yaxşı idmançı saymadığını bildirib: "Çünki üzərimdə çox işləmək istəyirəm. Hər zaman özümə ən yüksək nəticəni yaraşdırıram".
O, çətin qrupda mübarizə apardığını söyləyib: "Adlı-sanlı rəqiblərə qalib gələrək yarımfinala yüksəldim. Bu raundda üz-üzə gəldiyim xorvatiyalı Andelo Kvesiç 2019-cu il Avropa Oyunlarında döyüşdüyüm idmançı idi. Bir-birimizi dəfələrlə məğlub etmişik. İdmanda bir nəfər udur, digəri uduzur. Himnimizi səsləndirmək istərdim. Amma şükürlər olsun ki, medalçılardan biri də mən oldum. Qarşıdakı yarışlara daha böyük motivasiya ilə hazırlaşacağam".
Qurbanlı yalan və bəhanələri sevmədiyini vurğulayıb: "İdmançı nə qədər bəhanə gətirirsə, mənə görə, bir o qədər zəifdir. Vaxt əleyhimə işləyirdisə, elə edə bilərdim ki, əksinə olsun. Bəhanə gətirib özümü kiminsə gözündə qaldırmağa dəyməz. Hər zaman qızıl medal üçün vuruşmaq lazımdır. Çünki qalibi heç kim mühakimə etmir. Medalın dəyəri hər zaman göz önündə olur".
Karateçi sonda ona dəstək olan hər kəsə təşəkkür edib: "Ailəm, dostlarım ekran qarşısında məni izləyirlər. Allah hamısının canını sağ eləsin. Az da olsa, onları sevindirdim. Bizə dəstək verən, uğurlarımıza sevinən hər kəsə təşəkkür edirəm".