Qelebə.az / Millətlər Birliyinin Baş katibi MINEPS VII iştirakçılarını idmanın inkişafı üçün əməli tədbirlər hazırlamağa çağırıb

Millətlər Birliyinin Baş katibi MINEPS VII iştirakçılarını idmanın inkişafı üçün əməli tədbirlər hazırlamağa çağırıb

27-06-2023, 16:56

“İdmana sərmayə qoyulması çox vacibdir, belə ki, o, bu sahənin inkişafı üçün katalizator olacaq”.

“QELEBE.AZ” xəbər verir ki, bunu Millətlər Birliyinin Baş katibi Patrisiya Skotland Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində baş tutan nazirlərin görüşündə deyib.

“İdmana yatırılan hər dollar öz bəhrəsini verir”, - o bildirib.

“Bir çoxumuz üzərimizə müvafiq öhdəliklər götürsək və onları yerinə yetirsək, uğur qaçılmazdır”, - P.Skotland əlavə edib.

O deyib ki, dünya münaqişələr, həm fiziki, həm də psixoloji xəstəliklərlə doludur.

“Bundan əlavə, pandemiya təhsil sektoruna mənfi təsir göstərib. Bu kimi problemlərin həlli, eləcə də idmanın inkişafı üçün konkret addımlar atılmalıdır. Biz Bakıdan konkret əməli addımlar atmaqla ayrılmalıyıq”, - o söyləyib.

Xatırladaq ki, Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli İşçilərin VII Beynəlxalq Konfransı (MINEPS VII) keçirilir. Konfransda və onunla əlaqədar tədbirlərdə ümumilikdə 124 ölkədən və beynəlxalq təşkilatlardan 50-dən çox nazir və yüksək vəzifəli şəxs, eləcə də 540-dan çox nümayəndə iştirak edir.

Konfransın yekunlarına əsasən, UNESCO-nun idman təşəbbüsü olan eyniadlı layihənin davamı olaraq “Fit for Life” tərəfdaşlıq sənədi qəbul ediləcək. Layihənin əsas məqsədi idman sahəsində inklüzivliyin dəstəklənməsi, gənclərin rifahının yaxşılaşdırılması, COVID-19 pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması və fiziki passivliyin azaldılması strategiyasının hazırlanmasıdır.

Geri qayıt