"Bundan sonra karyeramın uğurlu alınıb-alınmayacağını bilmirəm. Amma vicdanım rahatdır ki, mən bunu etmək üçün çalışdım və gecə rahat yata bilirəm".
Bunu "Report"un Zaqrebdə olan əməkdaşına geniş müsahibəsində Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" klubunun futbolçusu Mahir Emreli legioner həyatı yaşaması ilə bağlı danışarkən deyib.
26 yaşlı hücumçu özünü yeni sınağa çəkmək üçün Avropaya üz tutduğunu bildirib: "Bu, bir neçə il beynimdə var idi. Hər dəfə "Qarabağ"la müqaviləni yeniləyəndə fikirləşirdim ki, bəlkə də getməyin vaxtıdır. Son ilimdə artıq qərarımı qətiləşdirmişdim. Həm də ölkədən kənarda oynamaq, böyük klublarda çıxış edən ilk azərbaycanlı olmaq uşaqlıq arzum idi. Həmişə bu düşüncə ilə yanaşmışam. Bu qərara da o anda gəlmişəm. Son ildə qəti şəkildə bu yolu tutdum. Uğurlu və ya uğursuz da ola bilərdim. Bu, artıq sonranın mövzusudur. Amma hər zaman beynimdə olub ki, çalışmalıyam. Bunu etmədən bilməyəcəksən. Türklər demişkən, mütləq “denemek lazım”. İstəməzdim ki, bir gün arxaya dönüb baxanda "kaş bunu edərdim, yoxlayardım" deyim. Bunun olmaması üçün ölkə xaricinə çıxmaq həyatımda atılan vacib addımlardan idi".
Qeyd edək ki, Mahir Emrelinin geniş müsahibəsi bu gün "Report"da yayımlanacaq.