Qelebə.az / Rauf Əliyev: "Futbolçular əzmkarlıq göstərsələr, 12 il əvvəlki nəticəni təkrarlaya bilərlər"

Rauf Əliyev: "Futbolçular əzmkarlıq göstərsələr, 12 il əvvəlki nəticəni təkrarlaya bilərlər"

7-09-2023, 14:15

"12 il əvvəlki nəticəni təkrarlamaq olar. Futbolçular yaxşı mübarizə aparsalar, əzmkarlıq göstərsələr, hər şey ola bilər".

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev yığmanın AVRO-2024-ün seçmə mərhələsində Belçikaya qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

2011-ci ildə “qırmızı şeytanlar”la 1:1 hesablı heç-heçə etdikləri AVRO-2012-nin seçmə mərhələ matçında fərqlənən 34 yaşlı sabiq hücumçu həmin dönəmdə sona qədər oyundan qopmadıqlarını xatırladıb: "Görüşün sonlarında lazım olan qolu vurduq və Belçika kimi komanda ilə dueldə 1 xal əldə edə bildik".

Əliyev millinin işinin çətin olacağını vurğulayıb: "Yığmamız dünyanın ən güclü kollektivlərindən biri ilə üz-üzə gələcək. Onların gücü hamıya məlumdur və futbolçuları Avropanın aparıcı, top-klublarında çıxış edirlər. Xal qazanmaq çox çətindir. Nəzərə almalıyıq ki, son vaxtlarda komandamızda işlər yaxşı getmir. Qrup mərhələsində böyükhesablı məğlubiyyətlərimiz də olub. Amma futbolda istənilən nəticə qeydə alına bilər. Biz də 2011-ci ildə mübarizlik sayəsində istəyimizə çatmışdıq. Həmin dönəmdə də rəqibin heyətində ulduz futbolçular var idi".

Qeyd edək ki, Rauf Əliyev 2010 - 2018-ci illərdə Azərbaycan millisinin formasını geyinib. Sentyabrın 9-da "Dalğa Arena"da reallaşacaq Azərbaycan - Belçika görüşü saat 17:00-da start götürəcək.

Geri qayıt