Qelebə.az / “Kəpəz”in sabiq qapıçısı: “Şahruddin bütün bonusları “xərcləyib” getdi”

“Kəpəz”in sabiq qapıçısı: “Şahruddin bütün bonusları “xərcləyib” getdi”

11-09-2023, 16:15

“Şahruddin bütün bonusları “xərcləyib” getdi”.

Bunu “Report”a açıqlamasında “Kəpəz”in sabiq qapıçısı Xəyal Zeynalov “Qarabağ”ın qolkiperi Şahruddin Məhəmmədəliyevin Türkiyənin “Adana Dəmirspor” klubuna transferini dəyərləndirərkən deyib.

Hazırda “Sabah” akademiyasının qapıçılar üzrə koordinatoru vəzifəsində çalışan mütəxəssis milli üzvünün gedişini zərurət olaraq qiymətləndirib: “Şahruddinin “Adana Dəmirspor”a keçidini gözləmirdim. Düzdür, “Qarabağ”ın bəzi oyunlarında təkbaşına qalib gəlib. Millidə də möhtəşəm çıxışları olub, əməyi böyükdür. Ancaq bəzi mövqe səhvləri ilə komandanı çətin duruma saldı. Həmin səhvləri gənc qapıçı etsəydi, bağışlanardı. Qurban Qurbanov da ona çox dözdü. Şahruddini təkcə “topa qoyub atmağımız” qalmışdı. Futbolda heç kim səhvdən sığortalanmayıb. Ancaq milyonluq səhvlər bağışlanılmır. Şahruddinin səhvləri “Qarabağ”ın milyonlar itirməsinə səbəb oldu. Özü də görürdü ki, etibarını itirib. Bu üzdən yeni kluba keçməli idi”.

X.Zeynalovun fikrincə, 29 yaşlı oyunçu eyni performansı “Adana Dəmirspor”da davam etdirsə, Türkiyədə çox qalmayacaq: “Superliqada “Qalatasaray”, “Fənərbağça” kimi rəqiblərlə qarşılaşırsan. Türkiyə çempionatına bəh-bəhlə gətirilən oyunçunu üç həftədən sonra elə göndərirlər ki, heç ruhu incimir. Orada qeyri-peşəkar qərarlar çox olur. Avropanın başqa ölkəsinə getsəydi, əminlikdə deyərdim ki, Şahruddin orada sözünü deyəcək. Fikrimcə, Türkiyədə də özünü doğrulda bilər. “Adana Dəmirspor”un qapıçıları ondan heç də güclü deyillər. Ancaq “Qarabağ”dakı səhvləri Superliqada təkrarlasa, onu bağışlamayacaqlar. Artıq orada Qurban Qurbanov yoxdur. Bu amil Şahruddinə çətinlik yarada bilər”.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev “Adana Dəmirspor”la 2 illik müqavilə bağlayıb.

Geri qayıt