Qelebə.az / Vüqar Kərəmovun rəqibi: “Hərəkətlərimə qarşı ondan daha aqressiv cavab gözləyirəm”

Vüqar Kərəmovun rəqibi: “Hərəkətlərimə qarşı ondan daha aqressiv cavab gözləyirəm”

2-11-2023, 13:32

“Hərəkətlərimə qarşı rəqibimdən daha aqressiv cavab gözləyirəm”.

“Report”un məlumatına görə, bunu Yaponiyanın MMA idmançısı Çihiro Suzuki “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil edəcəyi “Landmark 7” turniri ərəfəsində mətbuat konfransında deyib.

24 yaşlı idmançı azərbaycanlı Vüqar Kərəmovla keçirəcəyi görüşə hazır olduğunu bildirib: “Hazırlıqlarımı tamamlamışam. Hazırda çəkimi tənzimləməklə məşğulam. Rəqibim hər cəhətdən güclü, potensiallıdır. Mən də bütün gücümdən istifadə edəcəyəm. Hər raundda 5 dəfə rəqibə qalib gəlmək şansı yaratmağa çalışacağam. Həm Azərbaycan, həm də Yaponiya tamaşaçıları döyüşü maraqla gözləyirlər. Fikrimcə, maraqlı görüş olacaq. Mənim üslubum ayaq üstə döyüşməkdir. Sona qədər də görüşü bu şəkildə davam etdirməyə çalışacağam”.

Suzuki Azərbaycanda olmağın ona heç bir çətinlik törətməyəcəyini düşünür: “Yaponiyada olmaqla Azərbaycanda olmaq arasında elə bir fərq yoxdur. Başqa ölkələrdə də olmuşam. Bura uyğunlaşmaqda çətinlik çəkmədim. Azərbaycanla bağlı yalnız xoş təəssüratlarım var. Burada dadlı kabab restoranı tapmışam. Orada yeməklər yeyirəm. Azərbaycanda da qaydasız döyüşün sevildiyini bilirəm. Xarakter olaraq döyüşməyi sevən xalqdır. Onların sevdiyi formada yaxşı döyüş göstərəcəyəm. Siz Vüqar Kərəmovu dəstəkləyə bilərsiniz”.

O, Vüqar Kərəmovun döyüşə sakit yanaşdığı ilə bağlı fikirlərinə də münasibət bildirib: “Rəqibimdə mənə qarşı əsəb var. Bunu hiss edirəm. Heç də sakit qarşılamır. Hərəkətlərimə qarşı ondan daha aqressiv cavab gözləyirəm. Onu qızışdırmaq üçün bunları edirəm ki, döyüş daha maraqlı olsun. Bura uğur qazanmağa, səs salmağa və çempion olmağa gəlmişəm”.

Yaponiyalı idmançı Vüqar Kərəmovun şəklini cırdığı üçün üzr istəyib: “Rəqibim yanımda olanda ona qarşı aqressivlik göstərə bilərəm. Ancaq indi onun arxasından hərəkət etmək istəmirəm. Bu, mənə yaraşmaz. Onun olmadığı bir tədbirdə şəklini cırdığım üçün üzr istəyirəm”.

Qeyd edək ki, Çihiro Suzuki ilə Vüqar Kərəmov arasında döyüş noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək.

Geri qayıt