"Əlimizdən gələni edəcəyik ki, doğma meydanda müsbət nəticə qazanaraq azarkeşlərimizi sevindirək".
Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Elvin Camalov Bakıda İsveç yığmasına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələsinin oyunu ilə bağlı danışarkən deyib.
28 yaşlı yarımmüdafiəçi qarşılaşmanın çətin keçəcəyini bildirib: "Rəqib Avropa çempionatına vəsiqə qazana bilməsə də, qitənin futbol ölkələrindən hesab olunur. Səfərdəki ilk matçımız bu komandanın gücündən xəbər verir".
Camalov yığmadakı abu-havadan söz açıb: "Seçmə mərhələdə şansımızın olub-olmamasından asılı olmayaraq, millinin qarşılaşmalarında əhval-ruhiyyə, görüşə köklənmə həmişə fərqli olur. Yığmanın formasında meydana çıxırsansa, matçın əhəmiyyəti ikinci plana keçir. Növbəti mərhələyə vəsiqə şansının olub-olmaması elə də əhəmiyyət daşımır. Meydana çıxıb son dəqiqəyə kimi müsbət nəticə üçün mübarizə aparmalısan".
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21:00-da başlayacaq. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.