Oyunçularımız güclüdür. "Qarabağ"la matçlarda güclü olan tərəf bizik.
“Report”un məlumatına görə, bunu Almaniyanın “Bayer 04” klubunun futbolçusu Robert Andrix “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
29 yaşlı yarımmüdafiəçi qrup mərhələsindən onlara tanış olan Azərbaycan çempionuna qarşı ciddi hazırlaşdıqlarını söyləyib: “Bizim əvvəlki oyunlarımızdan da görünür ki, heyət "Qarabağ"la matça hazırdır. Heyətdə yer alanlardan heç kim pis performans göstərməyib. İlk görüşü səfərdə keçirmək bizim üçün çox vacibdir. Cavab matçının Almaniyada olması bizim üçün böyük şansdır. Komandamız çox inkişaf edib. Hər oyuna hazırlıqlı çıxırıq. Qarşımıza qoyulan tapşırıqları maksimum yerinə yetirməyə çalışırıq. Rəqib topla yaxşı oynamağı bacarır. Olduqca ağıllı futbol oynayırlar. "Qarabağ"ın futbolçuları öz mövqelərində baxımlı oynayırlar".
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.