Qelebə.az / Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatında uduzduğumuz rəqibə qalib gəlmək istəyirik

Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatında uduzduğumuz rəqibə qalib gəlmək istəyirik

6-06-2024, 09:43

Dünya çempionatında bu rəqibə uduzmuşduq. İndi isə qalib gəlmək niyyətindəyik.

Bunu "Report"a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatının 1/4 finalında Qazaxıstana qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

Mütəxəssis bütün oyunçularına inandığını bildirib: "Qrup mərhələsindən sonra güc qoymasan, mərhələ adlamaq mümkün deyil. Çünki komandalar çox güclüdürlər. İkiqat güc itirməliyik ki, hər matçda qalib gələk. Bu da çətin olur. Düşünürəm ki, Qazaxıstanla oyunda daha yaxşı vəziyyətdə meydançaya çıxa biləcəyik. Komandama inanıram".

Baş məşqçi 1/8 finalda Bolqarıstana 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmaya da toxunub: "Çox çətin görüş idi. Bolqarıstan yığması həqiqətən güclüdür. İlk "10-luq"da olan komandalardan biridir. Bizim üçün də sevilməyən rəqiblərdən biridir. Bizə tərs kollektivdir. Güc itirsək də, qalib gəldik. Uşaqlara təşəkkür edirəm. Meydançada çox əziyyət çəkdilər".

Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan - Qazaxıstan matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Geri qayıt