Azərbaycanın 19 yaşadək oğlanlardan ibarət millisinin baş məşqçisi Elxan Abdullayev Almaniya keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində bu gün keçiriləcək Fransa - Belçika və Portuqaliya - Sloveniya qarşılaşamalarında şansları dəyərləndirib.
Mütəxəssis "Report"a açıqlamasında Fransa millisini Belçikadan, Portuqaliyanı isə Sloveniyadan daha üstün hesab edib:
“Fransa - Belçika matçında Fransa millisinə daha çox şans verirəm. Düzdür, Belçika da yaxşı komandadır. Amma Fransa yığması top-futbolçulardan ibarətdir. Baxamayaraq ki, komandalar qrup mərhələsində hələ nəyə qadir olduqlarını göstərməyiblər. Belçika Slovakiyaya uduzmuşdu. 1/8 final tam başqadır. Fikrimcə, Fransa Belçika millisindən üstün olacaq".
E.Abdullayev Sloveniya millisinə Portuqaliya qarşısında, ümumiyyətlə, şans tanımayıb:
“Düzdür, Sloveniya qrup mərhələsində hələ uduzmayıb. Üç heç-heçə edib. Amma fikrimcə, Portuqaliyanı udacaq gücdə deyil. Növbəti mərhələyə Portuqaliya adlayacaq”.
Qeyd edək ki, Fransa - Belçika matçı saat 20:00-da, Portuqaliya - Sloveniya görüşü isə 23:00-da başlayacaq.