Lissabonun "Sportinq" klubunun hücumçusu Viktor Qyökereşin London "Arsenal"ına transferi baş tutmaya bilər.
"Report" xəbər verir ki, bu barədə Portuqaliyanın "Record" qəzeti yazıb.
Nəşrin məlumatına görə, "Arsenal", "Sportinq" və Qyökereşin nümayəndələri hücumçunun xidmətləri üçün 70 milyon avro ilkin ödəniş və əlavə 10 milyon avro bonus barədə razılığa gəliblər. Qeyd olunur ki, əlavə ödənişlərin şərtləri hələ razılaşdırılmalıdır, çünki "Arsenal" rəhbərliyi yalnız 3 milyon avro ödəməyə hazırdır.
Eyni zamanda nəşr vurğulayır ki, Qyökereş və onun agenti sövdələşməni açıq şəkildə dəstəkləyə bilər.
Xatırladaq ki, Viktor Qyökereş 2023-cü ildən "Sportinq"də çıxış edir. O, keçirdiyi 102 matçda 97 qol vurub və 28 məhsuldar ötürmə edib. Hücumçu İsveç millisində 26 oyunda 15 qol vurub.
"Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 75 milyon avro təşkil edir.