Qelebə.az / Azərbaycan millisinin sabiq futbolçusu: “Karyeramı bitirirəm”

Azərbaycan millisinin sabiq futbolçusu: “Karyeramı bitirirəm”

11-01-2023, 13:58

“Mövsümün sonunda yəqin ki, karyeramı bitirəcəyəm”.

Bunu “QELEBE.AZ”a müsahibəsində Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov deyib.

2022/2023 mövsümündə Premyer Liqaya qayıdan “Kəpəz”lə ötən ilin yayında müqavilə imzalayan və hazırda Gəncə klubunun əvəzedici heyətində çıxış edən 35 yaşlı yarımmüdafiəçi mövsümün sonunda peşəkar karyerasına yekun qoyacağını bildirib: “Açığı, başqa təklifim yoxdur. “Kəpəz”lə yaya qədər olan müqaviləmə sadiq qalacağam. Ondan sonra da futbol sahəsində qalacağam. Sözləşməm davam etdiyi üçün planlarımı yaya saxlamışam. Həmin vaxtdan məşqçi, menecer və ya idarəçi kimi çalışa bilərəm”.

Mövsümün gedişində baş məşqçi Tərlan Əhmədovla qalmaqal yaşadığı üçün əsas heyətdən uzaqlaşdırılan İsmayılov buna görə təəssüf hissi keçirdiyini söyləyib: “Mən də futboldan belə formada getmək istəməzdim. Çünki indiyə qədər heç kimlə qalmaqal yaşamamışam. Futbola iş kimi baxmışam. Amma “Kəpəz”in baş məşqçisi gərəksiz rəftar göstərdi. Kim olsaydı, eyni formada cavabını verəcəkdim”.

Qeyd edək ki, “Qarabağ”ın yetirməsi karyerası ərzində 2010-2018-ci illərdə Azərbaycan millisində 40 oyun keçirib, 5 qola imza atıb.

Əfran İsmayılovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Geri qayıt