Misli Premyer Liqasının XXX turunda "Zirə" "Qəbələ"ni məğlub edib - 1:0.
QELEBE.AZ xəbər verir ki, matçdan sonra "qartallar"ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.
"Bizim üçün ağır oyun oldu. Rəqib çox baxımlı futbol oynayır. Düşünürəm ki, bu komanda avrokuboklar uğrunda mübarizə aparmalı idi. Son oyunlarda yaxşı oynasalar da, nəticə qazanmaqda çətinlik çəkdiklərini düşünürəm. Matç gərgin mübarizə şəraitində keçdi. Özümüzdə güc tapıb növbəti matçlarda daha yaxşı oyun sərgiləməliyik. Matça çox pis başlamışdıq. İkinci hissədə müəyyən qədər oyunu düzəldə bildik. Futbolçularımı sona qədər əzmkar mübarizə apardıqları üçün təbrik edirəm".
- Qol epizoduna qədər "Zirə" özünə bənzəmirdi...
- Birinci hissədə çoxsaylı top itkilərimiz oldu. Sıx qrafik, aprel ayının yorğunluğu müəyyən qədər buna təsir göstərirdi. İmkan düşdükcə müəyyən mövqelərdə rotasiyalar etdik. Enrikenin zədəsi bizim üçün ciddi problem yaradır. Belə ki, İssa Cibrilanı rotasiya edə bilmirik. İssa da bilirik ki, üst-üstə ağır oyunlar keçirdikdə zədəyə meyilli olur. Onu bu gün qorxa-qorxa meydanda saxladıq. Qol vurduqdan sonra dərhal əvəz etdik.