"Qarabağ"ın prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin Kiyev “Dinamo”su ilə cavab oyunu ərəfəsində klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, Ağdam təmsilçisinin hədəflərinin böyük olduğunu və komandaya inandığını bildirib:
“Möhtəşəm bir mövsümü geridə qoyduqdan sonra 2026/27 mövsümünə böyük hədəflər və böyük inamla start verdik. Qarşıda bizi yenə çox ciddi və məsuliyyətli sınaqlar gözləyir. Bu il bir çox mövqedə heyətimizi gücləndirdik, inandığımız futbolçuları komandamıza cəlb etdik və bu seçimləri edərkən qarşıdakı qarşılaşmaları, komandamızın ehtiyaclarını nəzərə aldıq. Yeni futbolçularımızın “Qarabağ”a öz töhfələrini verəcəyinə inanıram və bu komandanın potensialına ürəkdən güvənirəm.
Hər zaman olduğu kimi, bu gün də Qurban müəllimin yanındayam. Onunla birlikdə uzun illər ərzində çox böyük uğurlar yaşamışıq, onun bu komandaya olan sevgisini və bağlılığını çox yaxşı bilirəm. Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm. İnanıram ki, futbolçularımız qarşıdakı günlərdə bizlərə yenə qürur duyacağımız gözəl anlar yaşadacaqlar.
İndi isə azarkeşlərimizə səslənərək komandamıza inanmalarını, bu inamı tribunada futbolçularımıza hiss etdirmələrini istəyirəm. “Dinamo” ilə bizi çox vacib oyun gözləyir. Belə məqamlarda stadionun səsi, azarkeşin sevgisi komandaya böyük güc və mübarizə ruhu verir.
Gəlin, hər birimiz yumruq kimi bir yerdə olaq, komandamızı ürəkdən dəstəkləyək və “Qarabağ”ımıza olan inamımızı tribunadan hiss etdirək”.