Misli Premyer Liqasının II turunda "Qəbələ" ğz meydanında "Şəfa"ya məğlub olub - 0:1.
QELEBE.AZ xəbər verir ki, matçdan sonra ev sahiblərinin baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib.
"Çox pis nəticədir. Tərəfdarlarımız qarşısında belə məğlubiyyətə görə hər birimiz günahkarıq. Rəqib yarandığı yarım epizodluq imkandan istifadə edib qol vurdu, biz isə ələ düşən şansları dəyərləndirə bilmədik. Bəzi hallarda keyfiyyət baxımından geri qaldıq. Mərkəzdə tez-tez top itirir, hücuma çıxarkən ləng qərarlar verirdik. İlk 15–20 dəqiqədə bu aydın göründü və qapımızda çoxlu əks-hücumlar gördük. Futbolçular onlardan nə tələb olunduğunu və Azərbaycan çempionatının səviyyəsini hələ dərk etməyib. Qələbə qazanmağa bəs edəcək qədər vəziyyətlər yaratsaq da, qol buraxdıq. Keyfiyyəti artırmaq üçün çox çalışmalıyıq. Ötən mövsümki kombinasiyalı oyunumuz hələ ki yoxdur, yalnız cinah ötürmələrinə bel bağlayırıq".
Sxadadze daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– İki hücumçu ilə oynayırsınız, amma bunun effektivliyi görünmür. Bu sistem özünü doğruldacaq?
– Onların faydalı olacağına ümid edirdik. Rəqib müdafiəsində müəyyən gərginlik yaratsalar da, ələ düşən 4 imkandan yararlana bilmədilər. Taktika iki hücumçuya cinahlardan ötürmələrin verilməsi üzərində qurulmuşdu, amma sonluq zəif oldu.
– Ötən konfransda komandanın böyük potensialı olduğunu demişdiniz. Bu fikirdə qalırsınız?
– Məşqlərdə göstərdikləri performans baxımından deyə bilərəm ki, heyətdə potensial var. Bu heyətlə ilk dəfə Tovuzda oynamışdıq, zamana və analizlərə ehtiyac var. İki hücumçu ilə cərimə meydançasında təzyiq yaradırıq, lakin kombinasiyalı futbolumuz itib. Onların daha yaxşı oynayacağına şübhəm yoxdur. Rəqib ilk fürsətdəcə fərqləndi, biz isə çərçivəyə dəyən topları qola çevirə bilmədik.
– Keçən il komandanın seleksiyasından razı qalmışdınız. İndi vəziyyət necədir?
– Ötən illə müqayisəyə ehtiyac yoxdur, artıq yeni mövsümdəyik. Sadəcə, heyətdəki bəzi oyunçuların tam uyğunlaşması üçün biraz vaxta ehtiyacımız var.
– İkinci turdan sonra azarkeşlər “istefa” qışqırırlar…
– Belə məğlubiyyətdən sonra azarkeşlərin “istefa” tələb etməyə tam haqları var.