Qelebə.az / İtaliyadan İnfantinoya ağır zərbə – FIFA seçkilərində dəstək geri çəkildi

İtaliyadan İnfantinoya ağır zərbə – FIFA seçkilərində dəstək geri çəkildi

Bu gün, 18:23

İtaliya Futbol Federasiyası (FIGC) FIFA prezidenti Canni İnfantinoya növbəti seçkilərdə dəstək verməyəcək.

QELEBE.AZ xəbər verir ki, bu barədə federasiya rəsmi açıqlama yayıb.

İtalyanlar 2027-ci ilin martında keçiriləcək FIFA prezident seçkilərində İnfantinonun namizədliyinə verdiyi dəstəyi geri çəkdiyini bəyan edib.

FIGC qərarın FIFA rəhbərinin son dövrlərdə beynəlxalq futbolun idarə olunması və yarışların inkişafı ilə bağlı irəli sürdüyü təşəbbüslərdən sonra verildiyini bildirib. İtaliya tərəfi bu məsələlərdə UEFA və qurumun prezidenti Aleksander Çeferinin mövqeyini bölüşdüyünü açıq şəkildə vurğulayıb.

Federasiyanın prezidenti Covanni Malaqo İtaliyanın bundan sonra da UEFA və digər Avropa federasiyaları ilə birlikdə fəaliyyət göstərəcəyini deyib. O, futbolun meritokratiya, həmrəylik, dayanıqlılıq və azarkeşlərin maraqlarının qorunması prinsipləri üzərində inkişaf etməsinin vacibliyini bildirib.

İnfantinoya qarşı narazılığın əsas səbəblərindən biri FIFA-nın Dünya çempionatı və digər böyük turnirlərin kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planı olub. UEFA-nın sərt etirazından sonra FIFA bu layihədən imtina edib.

Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir və 2027-ci ildə keçiriləcək seçkilərdə yenidən prezidentliyə namizəd olmağı planlaşdırır. Son həftələrdə bir sıra Avropa federasiyalarının ona qarşı mövqeyi sərtləşib.

Geri qayıt