İsmail Kartalla yollarını ayıran “Fənərbaxça” yeni baş məşqçi axtarışlarını davam etdirir.
QELEBE.AZ xəbər verir ki, İstanbul təmsilçisinin gündəminə son olaraq italiyalı mütəxəssis Stefano Piolinin adı gəlib.
Türkiyə mətbuatının məlumatına görə, klub rəhbərliyi həm yerli, həm də əcnəbi mütəxəssislərin namizədliyini nəzərdən keçirir.
Əcnəbi baş məşqçilər arasında Stefano Pioli ilə yanaşı, Antonio Konte və Vinçentso Montellanın adları hallanır. Xüsusilə İtaliya futbolunun tanınmış mütəxəssisləri klubun mümkün seçimləri sırasında göstərilir.
Yerli məşqçi variantına üstünlük veriləcəyi təqdirdə isə Volkan Demirel, Aykut Kocaman və Bülent Uyğunun namizədliyi gündəmdədir. Abdullah Avcı və Emre Belözoğlu da İstanbul təmsilçisi ilə əlaqələndirilən mütəxəssislər arasındadır.
Bülent Uygun daha əvvəl verdiyi açıqlamada özünün, Aykut Kocamanın və Volkan Demirelin “Fənərbaxça”nı çalışdırmağa qadir olduğunu bildirib.
Klub rəhbərliyi hələlik namizədlərdən hər hansı biri ilə razılıq əldə olunduğunu açıqlamayıb.
Qeyd edək ki, “Fənərbaxça” Türkiyə Super Liqasının IX turunda “Qalatasaray”a 1:2 hesabı ilə məğlub olduqdan sonra İsmail Kartalla yollarını ayırıb.