Qelebə.az / Əlillər Futbolu Federasiyasının prezidenti: “Heç olmasa 6-8 komanda olmalıdır ki, turnir üçün AFFA ilə danışa bilim”

Əlillər Futbolu Federasiyasının prezidenti: “Heç olmasa 6-8 komanda olmalıdır ki, turnir üçün AFFA ilə danışa bilim”

10-04-2023, 14:52

“Komanda sayı heç olmasa 6-8 olmalıdır ki, mən də turnir təşkil etmək üçün AFFA ilə danışa bilim”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) prezidenti Elşad İbrahimli AFFA və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) arasında aprelin 3-də imzalanan Anlaşma Memorandumu ilə bağlı danışarkən deyib.

O bildirib ki, ANAMA yalnız amputantlardan ibarət klub yarada bilər: “Fikrimcə, AFFA ilə ANAMA arasındakı işbirliyi komanda sayının artmasına xidmət edəcək. ANAMA-nın işçiləri öz komandalarını yarada bilərlər. Həm onların, həm də müxtəlif rayonlarımızda yaradılan komandaların iştirakı ilə turnir keçirmək olar. Həmin klublar ilk növbədə bizə müraciət etməlidirlər. AFFA isə bizə meydança, hakim ayıra, toplar verə bilər. Əlbəttə ki, bütün yükü AFFA-nın üstünə atmaq da doğru olmaz. Klublar özlərinə maliyyə dəstəyi tapmalıdırlar”.

Elşad İbrahimli əlavə edib ki, rəhbərlik etdiyi federasiya 2007-ci ildən eşitmə məhdudiyyətli insanlar arasında ənənəvi çempionat keçirir: “İndiyə qədər amputantlarla bağlı heç bir tədbir keçirməmişik. Təşkil etmək arzusunda olmuşam. Qarabağ qaziləri Futbol Cəmiyyəti var idi. Onlar dedilər ki, biz özümüz keçirəcəyik. Mən də qarışmaq istəmədim. Sonradan öz aralarında xoşagəlməz hadisələr baş verdi. Açığı, indi də amputantlar arasında turnir təşkil etmək arzusundayam. Sadəcə, dediyim qurumdakı daxili problemlərin bitməsini gözləyirəm”.

Prezident federasiyanın adında dəyişiklik olacağını, əlil sözünün çıxarılması yönündə işlər görüldüyünü vurğulayıb: “Federasiyanın adının dəyişdirilməsi üzərində iş gedir. Gələcəkdə konfrans keçirərək yeni adla bağlı təklifləri müzakirə edə bilərik”.

Məsələyə münasibət bildirən Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının (QƏDFF) prezidenti Rövşən Quliyev isə bu əməkdaşlıqdan narazılığını dilə gətirib: “Federasiyamız beş ildir yaradılıb, dünya və Avropa amputant futbol federasiyalarının üzvüdür. 2018-ci ildə məhz AFFA-nın, Gənclər və İdman Nazirliyinin verdiyi sənəd əsasında bu federasiyanı yaratmışıq. Amputant idman növünü Gürcüstan Amputant Futbol Federasiyasının təklifi ilə Azərbaycanda qurmuşuq. Həmin vaxt onlarla memorandum imzalanmışdı. Məhz Gürcüstan Amputant Futbol Federasiyasının zaminliyi ilə bizi Avropa və dünya amputant futbol federasiyalarına qəbul ediblər. Dörd dəfə qitəmiqyaslı turnirlərdə iştirak etmişik”.

O, Dünya Amputant Futbol Federasiyasının 50 üzv ölkəsindən biri olduqlarını bildirib. R. Quliyev baş tutan tədbir barədə onlara heç bir məlumat verilmədiyini deyib: “Nə AFFA, nə də nazirlikdən bizə kömək olub. Yarışlara şəxsi hesabımıza qatılırıq. Gənclər və idman naziri 2022-ci ildə tədbirimizdə iştirak edib. ANAMA-ya da, AFFA-ya da getmişəm. AFFA-dan dedilər ki, rəhbərlik burada deyil, özümüz əlaqə saxlayacağıq. ANAMA-dan isə bildirdilər ki, tədbir keçirmişik, onunla bağlı memorandum imzalamışıq. İstənilən halda, bu haqda bizə məlumat verməli idilər. Axı Azərbaycanın dünya və Avropada rəsmi təmsilçisiyəm. Oktyabrda avrokuboklara vəsiqə əldə etmişik. Ora hazırlaşdığımız yerdə oyunçularımı bir az artıq pulla aparmaları nə dərəcədə düzgün olar? Belədə məcburiyyətdən Türkiyədən, Avropadan oyunçular gətirməli olacağıq. Amma bunu eləmək istəmirəm. Axı bu oyunçuların üzərində dörd il əziyyət çəkmişik, yetişdirmişik, nə qədər xərc çıxıb”.

QƏDFF rəhbəri federasiyanı Avropa Amputant Futbol Federasiyası tərəfindən tanındıqdan sonra yaratdığını söyləyib: “Əgər biz bu idman növündən uzaqlaşsaq, Avropa və dünya qurumları avtomatik olaraq 10 il Azərbaycanda amputant futbolunu qəbul etməyəcək. AFFA və ANAMA ölkə daxilində nəsə təşkil edə bilərlər. Ancaq bunu heç cür beynəlxalq arenaya daşıya bilməzlər”.

Rövşən Quliyev hətta aprelin 15-də Avropa Amputant Futbol Federasiyasında prezident seçkisi olacağını da sözlərinə əlavə edib. O, özünün də prezident seçilmək şansı olduğunu deyib: “İkinci dəfə seçkilərdə iştirak edəcəyəm. Səsvermə onlayn şəkildə 18 ölkə federasiyasının iştirakı ilə olacaq. Prezidentliyə 5 namizəddən biri də mənəm”.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdullanın sözlərinə görə, onların nəzdində fəaliyyət göstərən Azərbaycan Əlillər Futbolu Federasiyası amputant futboluna baxmır: “ANAMA ilə memorandumun imzalanmasında əsas məqsəd həvəskar futbola marağı artırmaq və mina partlayışları nəticəsində xəsarət almış şəxslərin futbol oyunlarının, turnirlərinin təşkilinə kömək etməkdir. AFFA və ANAMA-nın birgə təşkilatçılığı ilə gələcəkdə bu cür turnirlər təşkil olunacaq. Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası isə AFFA-nın üzvü deyil. Azərbaycan Əlillər Futbolu Federasiyasının isə nəzdində yalnız eşitmə qüsurlu əlillərdən ibarət yığma komanda fəaliyyət göstərir. İldə iki dəfə beynəlxalq turnirlərdə iştirak edirlər. Həmçinin il ərzində iki dəfə ölkə daxilində yaz-payız turnirləri keçirilir. Onlar da futbolçu yox, futzalçılardır. O ki qaldı baş tutan tədbirə, bunun təşkilatçısı ANAMA olub. AFFA yalnız meydança, forma, top təşkil etməklə dəstək verə bilər”.

Geri qayıt