Qelebə.az / Çimərlik güləşi üzrə Azərbaycan millisi Dünya Seriyasında 2 medal qazanıb

Çimərlik güləşi üzrə Azərbaycan millisi Dünya Seriyasında 2 medal qazanıb

9-05-2023, 13:15

Çimərlik güləşi üzrə Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Dünya Seriyasının ilk mərhələsində 2 medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından “QELEBE.AZ”a verilən məlumata görə, 27 ölkənin iştirak etdiyi yarışda Azərbaycan təmsilçiləri 1 gümüş və 1 bürünc medal əldə ediblər.

90 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov ardıcıl üç rəqibini məğlub edərək, finala yüksəlib. Lakin o, həlledici görüşdə gürcüstanlı Dato Piruzaşviliyə minimal fərqlə (2:3) məğlub olaraq, ikinci yeri tutub.

70 kq-da Ramiz Həsənov yarımfinalda uduzsa da, üçüncü yer uğrunda dueldə rumıniyalı Stefan Komanı sonuncu xal prinsipinə əsasən (2:2) üstələyərək, bürünc medala yiyələnib.

Azərbaycanın digər güləşçisi Oyan Nəzəriani (+90 kq) isə 1/4 finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, Dünya Seriyasının II mərhələsi 10-11 iyun tarixlərində Sinqapurda keçiriləcək.

Geri qayıt