Kiyevin Peçersk məhkəməsi Andrey Pavelkonun Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti vəzifəsindən kənarlaşdırılma müddətini uzadıb.
“Report”un “Football Hub” nəşrinə istinadən məlumatına görə, 48 yaşlı funksioner ən azı iyulun 9-dək postuna qayıda bilməyəcək.
Assosiasiyanın vitse-prezidenti Oleq Protasovun prezidentin səlahiyyətlərini müvəqqəti icra etməsi qərara alınıb. Fevralda Kiyev məhkəməsi Pavelkonu martın 17-dək vəzifəsindən kənarlaşdırıb, daha sonra müddət mayın 13-dək uzadılıb.
Qeyd edək ki, 2022-ci ilin noyabrında məhkəmə Andrey Pavelkonu təxminən 270 min dollar girov imkanı ilə həbs edib. UAF rəhbəri “süni ot zavodunun tikintisi üçün nəzərdə tutulmuş beynəlxalq yardım fondlarından sui-istifadə etmə”də ittiham olunur. Cinayət işi 2021-ci ildən araşdırılır. Daha sonra Pavelko tələb olunan məbləği ödəyərək, sərbəst buraxılıb.