ASTA-nın prezidenti: “Marset” akademiyasına seçilən uşaqlardan 5-i böyük klublarda oynaya bilər”
“Marset” akademiyasına seçilən uşaqlardan 5-nin gələcəkdə böyük klublarda oynamaq şansı çoxdur. Bunu həmin akademiyadan bura gələn məşqçilər dedilər”.
Bunu “Report”a açıqlamasında ASTA Futbol Akademiyasının prezidenti Rafael Bünyatov deyib.
Funksioner bu yaxınlarda İspaniyanın “Marset” Futbol Akademiyası tərəfindən seçilən yeniyetmə futbolçuların sentyabrda həmin ölkəyə yollanacaqlarını bildirib: “Marset” Futbol Akademiyasından gələn mütəxəssislər bizim seçdiyimiz 51 yeniyetməyə baxış keçirdi. Seçimdə bizim iştirakımız olmadı. Özləri seçdikləri uşaqların adlarını qeyd etdilər. Həmin tələbələri sentyabrın 1-də İspaniyaya göndərəcəyik. Orada 4 il həm təhsil alacaqlar, həm ispan dilini öyrənəcəklər, həm də futbol bacarıqlarını inkişaf etdirəcəklər. Ora gedəcək uşaqlardan bəziləri hətta iki ildən sonra Avropanın tanınmış klublarının akademiyalarına da cəlb oluna bilərlər. Çünki həmin vaxt seçim olacaq”.
R.Bünyatov “Marset” Futbol Akademiyası ilə sıx əməkdaşlığı davam etdirəcəklərini əlavə edib: “Barselonaya tələbə göndərmə ənənəsini davam etdirəcəyik. Hər il 20 uşağı 4 il ərzində təhsil alması üçün ora göndərəcəyik. Bu da o deməkdir ki, 6-7 ildən sonra təxminən 80-100 futbolçu yetişdirə bilərik. Onların çoxunu Azərbaycan klublarına yerləşdirəcəyik”.

https://qalaba.az//uploads/photo/asta-nin-prezidenti-marset-akademiyasina-sechilen-ushaqlardan-5-i-boyuk-klublarda-oynaya-biler.webp











