Azərbaycan millisi AVRO-2024-ün pley-off mərhələsində iştirak edə bilər - ARAŞDIRMA
Azərbaycan millisi AVRO-2024-ün pley-off mərhələsində iştirak edə bilər.
“QELEBE.AZ”un məlumatına görə, bu, Yunanıstan, Qazaxıstan və Lüksemburq yığmalarının seçmə mərhələdəki nəticələrindən asılı olacaq.
UEFA Millətlər Liqasının (ML) 2022/2023 mövsümünün C Liqasında yer aldığı qrupu birinci tamamlayan Türkiyə yığması AVRO-2024-ün seçmə mərhələsindən qitə birinciliyində iştirakı təmin edib. Bu isə ML-də qrup ikincilərini ümidləndirib. C Liqasında ən yaxşı ikinci yerin sahibi olan Lüksemburq millisi pley-offda iştirakı təmin edib.
Ancaq həm Lüksemburq, həm də ML-də qrupu birinci sırada bitirən Yunanıstanla Qazaxıstan hələ də seçmə mərhələdə yer aldıqları qrupu ilk iki pillədə başa vurmaq şanslarını saxlayırlar. Adı çəkilən komandalardan biri bunu reallaşdırsa, o zaman Azərbaycan yığması pley-offa adlayacaq. Çünki ML-nin qruplarında ikinci yerləri tutanlar arasında Lüksemburqdan sonra ən yaxşı nəticəni Canni De Byazinin yetirmələri göstəriblər. 3-cü qrupda 10 xal toplayan komandamız yalnız Qazaxıstandan geri qalmışdı.
Millimiz artıq bu gün istəyinə çata bilər. Bunun üçün B qrupunda Yunanıstan Niderlandı minimum 4 top fərqi ilə məğlub etməlidir. Hazırda yunanlar rəqiblərini 3 xal qabaqlayırlar. Qustavo Poyetin kollektivi minimal fərqlə qalib gəlsə, son turda onlara 1 xal da kifayət edəcək. Yunanların ilk görüşdə Niderlanda 0:3 hesabı ilə uduzduqlarını və son turda Fransa ilə qarşılaşacaqlarını nəzərə alsaq, komandanın şansı o qədər də yüksək qiymətləndirilmir.
Azərbaycanlı futbolsevərlərin azarkeşlik edəcəyi digər komanda Lüksemburq bu gün Slovakiyanı qəbul edəcək. Hazırda 11 xalla J qrupunda üçüncü sırada qərarlaşan lüksemburqlular qələbə qazansalar, sona 2 tur qalmış ikinci yerə yüksələcəklər. Lyuk Holtsun yetirmələri üçün əsas maneə məhz Slovakiya görünür. Çünki onlar son matçlarını evdə Bosniya və Herseqovinaya, səfərdə isə Lixtenşteynə qarşı keçirəcəklər.
H qrupunda yer alan Qazaxıstan isə 12 xalla 4-cü pillədədir. Onların kiçik də olsa, şansları davam edir. Liderlər Sloveniya ilə Danimarkanın hesabında 16 xal var. Qazaxıstanlılar bundan sonrakı matçlarda Finlandiya, San Marino və Sloveniyanı məğlub etməli, yuxarı pillələrdəki komandaların büdrəmələrini gözləməlidirlər.
Hazırda yalnız Millətlər Liqasında yer aldığı qrupu birinci pillədə başa vuran Gürcüstan yığmasının pley-offda qüvvəsini sınayacağı dəqiqdir. Çünki onların AVRO-2024-dən final mərhələsinə yollanmaq şansı yoxdur. Yunanıstan, Qazaxıstan və Lüksemburqdan biri seçmə mərhələdə istəyinə nail olsa, Azərbaycan yığması Millətlər Liqasının ən yaxşı dördüncü komandası kimi pley-offun yarımfinalında Gürcüstana rəqib olacaq.
Qeyd edək ki, pley-off mərhələsinin yarımfinal matçları 2024-cü il martın 21-də, final görüşü isə 26-da keçiriləcək.

https://qalaba.az//uploads/photo/azerbaycan-millisi-avro-2024-un-pley-off-merhelesinde-ishtirak-ede-biler-arashdirma.webp











