"Qəbələ"nin legioneri: "Aşağı liqaya düşməyi ağlımdan belə keçirmirəm" - MÜSAHİBƏ
"Qəbələ" klubunun futbolçusu Lukas Afriko "QELEBE.AZ"un suallarını cavablandırıb.
2023-cü ilin iyulunda "qırmızı-qaralar"a keçən 28 yaşlı braziliyalı müdafiəçi Qəbələdəki təlim-məşq toplanışı, qarşıdakı hədəflər barədə fikirlərini bölüşüb.
- Mövsümün ikinci yarısı üçün hazırlıq prosesiniz necə keçib?
- Qəbələdəki məşqlərimiz çox yaxşı idi. Burada komandamız üçün hər şərait var. Fasilədən istədiyimiz kimi istifadə etdiyimizi düşünürəm. Mübarizəyə hazırıq.
- Yoxlama oyununda "Kəpəz"ə (1:2) uduzsanız da, "Araz-Naxçıvan"a (2:0) qalib gəldiniz. Bu matçlar haqqında nə deyə bilərsiniz?
- Hər iki qarşılaşma bizə fayda verdi. Premyer Liqadakı rəqiblərimizlə mübarizə apardıq. Bu görüşlərdə nəticələr çox da vacib deyil. Fasilədən sonra özümüzə gəlmək baxımından yaxşı oyunlar oldu.
- Çempionatın ilk yarısı istədiyiniz kimi alınmayıb. Bunun əsas səbəbini nədə görürsünüz?
- Həqiqətən istədiyimiz kimi olmadı. Uğursuzluğun isə xüsusi bir səbəbi yox idi. Ancaq ikinci yarının tamamilə fərqli olacağını deyə bilərəm.
- Bunun üçün nə etməlisiniz?
- Məncə, meydanda bir-birimiz üçün daha çox çalışmalı və döyüşməyə davam etməliyik. Belə olan təqdirdə birlikdə istəyimizə nail olacağıq.
- Daha əvvəl Portuqaliyada çıxış etmisiniz. Azərbaycan Premyer Liqasının səviyyəsi sizi qane edir?
- Çempionatın səviyyəsi çox yaxşıdır. Burada istedadlı futbolçular da var. Məncə, zaman keçdikcə daha da yaxşı olacaq.
- Mayda aşağı liqaya düşə bilərsiniz?
- Bu, ağlımdan belə keçmir. Komanda yoldaşlarıma inanıram. İkinci yarıda daha yaxşı çıxış edəcəyik.
- Mövsümün sonunda müqavilənizin müddəti bitir. Sizə yeni sözləşmə təklif edilib?
- Hələlik bununla bağlı mənə heç nə deməyiblər. Nələrin olacağını birlikdə görəcəyik.
- Premyer Liqanın ilk yarısındakı bütün matçlarda iştirak edən 30 futbolçudan birisiniz. Bu barədə nə deyə bilərsiniz?
- Buna görə ancaq sevinə bilərəm. Baş məşqçi və texniki heyət mənə etimad göstərdikləri üçün çox şadam. Komandaya əlimdən gələnin ən yaxşısını etmək üçün çox çalışacağam.

https://qalaba.az//uploads/photo/qebelenin-legioneri-ashagi-liqaya-dushmeyi-aglimdan-bele-kechirmirem-musahibe.webp











