Dambrauskas təəccüblənib: "Başqa ölkədə hakimlərdən bu qədər danışmırlar"
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sabah” – “Qarabağ” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskasın iştirakı ilə mətbuat konfransı keçirilib.
QELEBE.AZ xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– “Sabah” ailəsini təbrik edirəm. Bugünkü qələbəni azarkeşlərimizə həsr edirəm. Bu gün meydanda bizi dəstəklədilər. Hər iki komandanın başa-baş mübarizəsi keçdi. Oyunda drama var idi. Meydanda maksimumuzu etməyə çalışdıq. İlk hissədə bəzən topa nəzarət rəqibə keçdi. Oyunda önəmli an buraxdığımız qol idi. Rəqib azlıqda olmasına baxmayaraq, yaxşı oynadı. Biz də sona qədər mübarizə apardıq. Təslim olmadıq. Bu inadkarlığın sayəsində gözəl qələbə qazandıq. Bunu qeyd edib, sabahdan bərpaya başlayacağıq. Düzdür, kubokda finala çıxdıq. Amma hələ kuboku qazanmamışıq və finalın hələ əhəmiyyəti yoxdur. Vacib olan titulu qazanmaqdır. Qarşıda görəcəyimiz işlər çoxdur.
– Hər iki hissənin sonunda baş verənləri: həm qırmızı vərəqə, həm mümkün penalti epizodunu necə şərh edərdiniz?
– Hakim qərarlarını şərh etməyi xoşlamıram. Planşetdən epizodlara baxdım. Bu artıq hakimlərin işidir, özləri danışmalıdır. Azərbaycanda futbolun səviyyəsinin artmasını istəyiriksə, bu hakimliyin də səviyyəsi artmalı, inkişaf etməlidir. Fərqli ölkələrdə çalışmışam. Açığı, hakim qərarlarından bu qədər danışıldığını görməmişəm. Referilərin qərarları hər həftə müzakirə olunur. İnanıram ki, növbəti həftə də bu danışılacaq. Hakimlik də inkişaf etməlidir. Bəzən eyni epizodlara fərqli qərarlar verilir.
– Finalda rəqib “Zirə” olacaq. Bu mövsüm onlara qarşı rahat qələbələriniz olub. İndi necə düşünürsünüz, final asan olacaq?
– Elə düşünmürəm. Final bir oyundan ibarətdir. Həyatımda asan final görməmişəm. Məncə, işimizi görməliyik və titul üçün əlimizdən gələni etməliyik. Finallarda aşağı liqa klublarının yaxşı oyunlarını görmüşük. Final günü maraqlı olacaq. Kim güclüdürsə, qazanacaq.

https://qalaba.az//uploads/photo/dambrauskas-teeccublenib-quotbashqa-olkede-hakimlerden-bu-qeder-danishmirlarquot.webp