Vitali Vernidub: “Hər şeydən əvvəl “Neftçi”dir”
Misli Premyer Liqasının XXIX turunda "Neftçi" "Qarabağ"a məğlub olub - 1:5.
QELEBE.AZ xəbər verir ki, matçdan sonra Bakı təmsilçisinin məşqçisi Vitali Vernidubun mətbuat konfransı keçirilib.
- Hesab nəyə görə belə oldu?
- "Qarabağ"la fərqli səviyyələrdəyik. Bu səviyyəyə çatmaq asan məsələ deyil. Hər gün məqş etmək lazımdır. Bunları oyunçularımızı başa düşüb, riayət etməyə başlasalar... Başa düşmək lazımdır ki, bu cür komandaya qarşı oynamaq üçün sadəcə motivasiya bəs deyil.
- "Qarabağ"ın orta xəttində Pedro Bikalyo, Marko Yankoviç, Joni Montiel kimi topla yaxşı davranan futbolçular var. "Neftçi"də isə Metyu İfenayi orta xətdə tək qalmışdı. Buna önləm almamışdınız?
- Əlbəttə ki, "Qarabağ"la oyuna hazırlaşmışdıq. Düşünürsüz ki, biz onları təhlil etməmişdik? Dediyiniz oyunçular Çempionlar Liqasında oynayırlar, orada da öz səviyyələrini göstərirlər. Ona görə də bizim oyunçular da bu sualı özlərinə verməlidirlər ki, onlar da daha yaxşı oynaya bilərdilər, ya yox? Bunu biz məşqçilər olaraq, özümüzə verəcəyik. Biz həqiqətən taktiki aspektləri daha yaxşılaşdıra bilərdikmi? Bir daha elan edirəm ki, bunu hər kəs qəbul etməli və anlamalıdır. Hər bir oyunçu öz ambissiyalarını "Neftçi"dən aşağı saxlamalıdır. Çünki hər şeydən əvvəl "Neftçi"idir. Öz xarakterini, incikliyini unutmaq lazımdır.
- Start heyətində Qurban Qurbanov gözləmədiyiniz manevr etmişdi və Musa Qurbanlı hücum xəttində yer almışdı. Müdafiə xətti Musanın qarşısını ala bilmədi. Əvvəldən gözləyirdiniz bunu? Müdafiə xətti onun qarşısını nəyə görəala bilmirdi?
- Bilmirəm necə cavab verim. Biz hazırlaşmışdıq. Amma adam o mövqelərdə, vəziyyətlərdə daha yaxşı oyun göstərdi. Müdafiəni yardı. Bugünkü oyunu araşdırıb, təhlil edib nəticə çıxarmalıyıq. Hazırda hesab 1:5-dir. Hər birimiz bunu anlayırıq. Eyni zamanda bugünkü hesaba görə azarkeşlərdən də üzr istəyirəm.
- Bugünkü hesabın 4 gündən sonra təkrarlanmaması üçün fərqli taktika seçmək olar?
- Ümidvaram ki, biz buna nail olacağıq. Bunun üçün bəzi şeyləri dəyişəcəyik. Bizim heyətdə dəyişikliklər olacaq. Buna əminəm. Ona görə ümid edirəm ki, biz buna nail olacağıq.
- Avrokuboklar uğrunda gərgin mübarizə fonunda bu məğlubiyyət komandaya inamsızlıq gətirə bilər?
- Əlbəttə ki, istənilən halda psixoloji təsiri olacaq. Bunu danmaq olmaz. Amma əsas odur peşəkar futbolçusansa,belə məğlubiyyətlərdən sonra dirçəlməlisən. Oyuna baxmalısan, yaxşı məqamları saxlamalısan, neqativləri aradan qaldırmaq lazımdır. Yaxşı məqamlar çox deyildi. Amma var idi.

https://qalaba.az//uploads/photo/vitali-vernidub-her-sheyden-evvel-neftchidir.webp