İki boksçumuz Dünya kubokuna qələbə ilə başlayıb

İki boksçumuz Dünya kubokuna qələbə ilə başlayıb

Çinin Quyyan şəhərində boks üzrə Dünya kubokuna start verilib.

Apasport.az xəbər verir ki, reytinq xarakterli yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

50 kq-da Sübhan Mamedov 1/8 final çərçivəsində hindistanlı Rişi Singlə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən dünya çempionumuz yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. Mamedov ikinci döyüşündə ilk mərhələdən azad olan Asilbek Jalilovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 19-da olacaq.

Məhəmmədəli Aşırəliyev (60 kq) də debütdə qələbə qazanıb. Yakub Krzpeiti (Polşa) 3:2 (29:28, 28:29, 27:30, 27:30, 29:28) hesabı ilə məğlub edən boksçumuz 1/8 finalda Luis Qabrieli (Braziliya) sınağa çəkəcək. Görüş iyunun 17-də olacaq.

Qeyd edək ki, Azərbaycan millisi Dünya kubokuna 8 boksçusu ilə yollanıb.