"Səbail"in yeni İdarə Heyətinin təqdimatı keçirildi

"Səbail"in yeni İdarə Heyətinin təqdimatı keçirildi

“Hilton” hotelində “Səbail” PFK-nın yenilənmiş idarə heyəti ilə təqdimat tədbiri keçirilib.

Apasport.az xəbər verir ki, mərasimdə klubun strateji inkişaf planları, 2026/2027-ci illər mövsümü üçün müəyyənləşdirilən əsas hədəflər, infrastrukturun inkişafı, sosial layihələr, uşaq və qız futbolunun inkişafı istiqamətində nəzərdə tutulan proqramlar, eləcə də klubun gələcək fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Klubun prezidenti Mirzə Bayrampur çıxışında “Səbail” PFK-nın yeni inkişaf strategiyası, uzunmüddətli məqsədləri və davamlı uğuru təmin edəcək idarəetmə modelindən danışıb. O bildirib ki, klubun əsas məqsədi yalnız idman nəticələri əldə etmək deyil, həm də peşəkar idarəetmə və infrastruktur formalaşdırmaqdır.

Daha sonra klubun İdarə Heyətinin üzvü Amin Məmmədov çıxış edərək bildirib ki, əsas məqsədləri "Səbail"i daha güclü, dayanıqlı və hər kəs üçün nümunə ola biləcək peşəkar futbol klubuna çevirməkdir. O qeyd edib ki, bu məqsədə nail olmaq üçün peşəkar yanaşma, müasir idarəetmə prinsipləri və davamlı inkişaf modelinə üstünlük verəcəklər.

Tədbirdə iştirak edən sponsor şirkətlərin nümayəndələri də çıxış edərək “Səbail” PFK ilə əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər. Onlar klubun inkişafına dəstək göstərməkdən qürur duyduqlarını qeyd edərək, bu əməkdaşlığın əsas məqsədinin Azərbaycan futbolunun inkişafına töhfə vermək olduğunu vurğulayıblar.

Mərasim çərçivəsində “Səbail” PFK-nın 2026/2027-ci illər mövsümü üçün hazırlanmış yeni oyun formalarının təqdimatı keçirilib.

Ardınca klubun heyətinə cəlb olunan beş yeni əcnəbi futbolçu ilə rəsmi müqavilə imzalanıb. Bunlar Qana vətəndaşları – Peter Agblevor və Ezekiel Morgan, Portuqaliya vətəndaşları – Yan Said və Aldo Josué Gomes Soares, eləcə də Braziliya vətəndaşı Felipe Hulk olub.

Tədbirin sonunda media nümayəndələri üçün brifinq keçirilib.

Qeyd edək ki, klubun yeni İdarə Heyəti Amin Məmmədov, Mirzə Bayrampur və Sərxan İbrahimoğludan ibarətdir.