Rüstəm Alimli: “İki qızıl medal gözləyirdik”

Rüstəm Alimli: “İki qızıl medal gözləyirdik”

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatından sonra Azərbaycanın gənclərdən ibarət milli cüdo komandasının baş məşqçisi Rüstəm Alimli jurnalistlər üçün brifinq keçirib.

QELEBE.AZ xəbər verir ki, mütəxəssis mundialdakı nəticələri və qarşıdakı hazırlıq planlarını dəyərləndirdi:

– Dünya çempionatında qazanılan nəticə gözləntilərinizi nə dərəcədə qarşıladı?

– Həqiqətən də komandamız çox güclüdür. Bu yarışda ən azı iki qızıl medal gözləyirdik. Lakin 66 kq çəki dərəcəsində Məhəmməd Musayevdə alınmadı. Düzdür, rəqibi güclü idi, amma idmançımız da qalib gəlməyə layiq idi. 90 kq çəkidə Süleyman Şükürov gözlədiyimiz çıxışı göstərə bilmədi və ilk görüşdə məğlub oldu. Ağır çəki dərəcəsində mübarizə aparan Ramazan Əhmədov isə finala kimi çox yaxşı gəlmişdi. Həlledici görüşdə də ilk iki dəqiqə ərzində verilən tapşırıqları düzgün yerinə yetirdi. Lakin iki dəqiqədən sonra nə baş verdiyini bilmirəm . Bunu idmançı ilə birgə oturub təhlil edəcəyik. O, taktikanı dəyişdi, əvvəlcə “vazari”, ardınca isə “ippon” fəndinə düşərək uduzdu.

– Ümumi nəticəni gözləntilərin 50 faizi civarında qiymətləndirmək olar?

– Demək olar ki, 50 faiz. Çünki başqa idmançılardan, məsələn, 60 kq çəki dərəcəsindən də medal gözləyirdik. Ən azı bir qızıl medal qazansaydı, bu, bizi razı salardı.

– İndiki heyət tarixin ən güclü və balanslı gənclər yığmalarından biri hesab olunur. Gələn il heyətin 90 faizi yenilənir və əksəriyyəti böyüklərə keçir. Növbəti il üçün hansı hazırlıqlar planlaşdırılır?

– Bu idmançılar il boyu Avropa kuboklarında və çempionatında stabil nəticələr göstərirdilər, burada da medalımız oldu. Perspektivli cüdoçulardır və ümid edirik ki, böyüklər arasında da öz sözlərini deyəcəklər. Gələn ildən isə güclü yeniyetmə idmançılarımız gənclər yaş qrupuna keçəcəklər. İnanıram ki, onları da bu səviyyəyə çatdıracağıq və yüksək nəticələr qazanacaqlar.

– Keçid dövründə 1-2 il çətinlik yaşana bilərmi?

– Ümumi komandanı tam formalaşdırmaq üçün ola bilsin ki, bir il müəyyən çətinlik yaransın. Bəlkə də komandanın 50 faizini istədiyimiz səviyyədə hazırlaya biləcəyik, amma növbəti illərdə bütün çəki dərəcələrində güclü idmançılarımızın olması üçün hər cür şansımız var.

– Komandanı qarşıda hansı yarışlar gözləyir?

– Bakıya qayıtdıqdan sonra dekabr ayında Azərbaycan çempionatı keçiriləcək. Ölkə birinciliyinin nəticələrinə əsasən yeni yığma komanda formalaşdırılacaq və yanvar ayından etibarən təlim-məşq toplanışlarına start veriləcək. Beynəlxalq arenada isə mart-may aylarında turnirlərə qatılmağı planlaşdırırıq. Hər il olduğu kimi, hazırlıq və seçim prosesimiz plan üzrə davam edəcək.