Montelladan etiraf – “Məni göndərə bilərdilər”

Montelladan etiraf – “Məni göndərə bilərdilər”

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella UEFA Millətlər Liqası öncəsi komandanın hədəfləri, İtaliya ilə qarşılaşmalar və yığmadakı itkilər barədə danışıb.

Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis “La Gazzetta dello Sport”a müsahibəsində Türkiyənin ilk dəfə Millətlər Liqasının A Liqasında mübarizə aparacağını xatırladaraq əsas məqsədin 1/4 finala yüksəlmək olduğunu bildirib.

“Hamı ilə qarşılaşmaq istəyərdim, amma İtaliya ilə yox. Xüsusilə də bir neçə gün ərzində iki dəfə. Bilirəm ki, həmin oyunlarda çox emosional olacağam. Ancaq Türkiyənin konkret hədəfi var: qrupda birinci və ya ikinci olaraq 1/4 finala yüksəlmək”.

Montella Türkiyənin qrupdakı mövqeyini də realist qiymətləndirib:

“Biz bu səviyyəyə yeni yüksəlmişik və qrupun dördüncü gücüyük. Öz yolumuzu açmalıyıq. İlk dəfə A Liqasındayıq və Avropanın ən yaxşıları ilə gücümüzü sınamaq istəyirik”.

İtaliyalı məşqçi Fransa millisinin potensialını xüsusi vurğulayıb. Onun fikrincə, Fransa heyət keyfiyyəti və seçim imkanlarına görə Avropanın ən güclü komandalarından biridir:

“Fransanın digər komandaların çata bilməyəcəyi səviyyədə futbolçu potensialı var. Məncə, yalnız İspaniya və bəlkə də Portuqaliya onlarla rəqabət apara bilər. Zidanın gəlişindən sonra yenidən böyük coşqu qazanıblar. Amma onlar üçün də bu qrup asan olmayacaq”.

Montella DÇ-2026-dakı uğursuz nəticələrə də toxunub. O, nəticələrin qənaətbəxş olmadığını etiraf etsə də, komandanın oyun baxımından daha yaxşısını edə biləcəyini söyləyib:

“Nəticələrə baxsaq, yaxşı deyildi. Oyunlara baxsaq, daha yaxşısını edə bilərdik. Bir qədər bəxtimiz gətirmədi, amma bəhanə axtarmıram. İlk iki matçda ən azı bir xal qazanmaq üçün hücum zonasında daha təsirli olmalı idik”.

Montella həmin turnirdən sonra vəzifəsindən ayrılmaq ehtimalının olduğunu da gizlətməyib:

“Məni işdən çıxara bilərdilər. Amma federasiya iki oyuna deyil, bütün gördüyümüz işlərə baxdı. Mən gələndə Avropa çempionatına vəsiqə məsələsi çətin görünürdü, amma qrupu lider bitirdik. 24 ildən sonra Dünya Kubokuna yüksəldik və indi ilk dəfə Millətlər Liqasının A Liqasındayıq. Federasiya gələcəyə baxdı”.

Türkiyə millisinin qarşıdakı oyunlarda Hakan Çalhanoğlu və Kenan Yıldızdan yararlana bilməyəcəyini bildirən Montella Mert Müldürün də heyətdə olmayacağını qeyd edib:

“Hakan Çalhanoğlu və Kenan Yıldız olmayanda Türkiyə eyni Türkiyə deyil. Mert Müldür də olmayacaq. Dörd oyunluq belə bir dövrdə hər şey daha çətin olacaq. Amma bu, yeni futbolçular üçün də yaxşı sınaqdır”.

Montella sonda Türkiyədə keçirdiyi illər ərzində ölkənin inkişaf tempinin onda böyük təəssürat yaratdığını deyib:

“Beş ildir Türkiyədəyəm. Məncə, Avropanın ən gənc ölkələrindən biridir. Hər sahədə inkişaf var, idmana böyük sərmayələr qoyulur və hər şey uzunmüddətli planlaşdırılır”.

Qeyd edək ki, Türkiyə millisi Millətlər Liqasının A Liqasının I qrupunda ilk oyununu sentyabrın 25-də Fransaya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə 22:45-də başlayacaq. Vinçentso Montellanın komandası ikinci turda isə sentyabrın 28-də İtaliyanı qəbul edəcək. Bu görüş də 22:45-də start götürəcək.