Olimpiya çempionu Zelim Kotsoyev dünya çempionatı ilə vidalaşıb
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün Azərbaycan millisinin üzvü Zelim Kotsoyev mübarizə aparıb.
Apasport.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu 100 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Kotsoyev yarışa 1/32 final mərhələsindən start verib. İlk görüşündə Türkmənistan təmsilçisi Baymırat Majanovla üz-üzə gələn cüdoçumuz qələbə qazanaraq 1/16 finala vəsiqə əldə edib.
O, bu mərhələdə slovakiyalı Benyamin Mataseyeni də məğlub edərək adını 1/8 finala yazdırıb.
Təmsilçimiz növbəti görüşündə Rusiya idmançısı Arman Adamyanla qarşılaşıb. Bu dəfə məğlubiyyətlə üzləşən Kotsoyev dünya çempionatında mübarizəni dayandırıb.
Milli Gimnastika Arenasında təşkil olunan yarışda təsnifat görüşləri saat 10:30-da başlayıb. Final blokuna isə saat 18:00-da start veriləcək.
Qeyd edək ki, Bakıda keçirilən dünya çempionatı oktyabrın 11-də başa çatacaq.

https://qalaba.az//uploads/photo/olimpiya-chempionu-zelim-kotsoyev-dunya-chempionati-ile-vidalashib.webp











