Famil Xəlilov: “Hədəfimiz Azərbaycanı layiqincə təmsil etməkdir”
FIFA U-15 dünya çempionatı və festivalında iştirak edəcək Azərbaycanın U-16 milli komandasının baş məşqçisi Famil Xəlilov turnirlə bağlı gözləntilərini açıqlayıb.
QELEBE.AZ xəbər verir ki, mütəxəssis yığmanın açıq məşqindən sonra jurnalistlərin suallarını cavablandırıb.
O, hazırlıq prosesinin plan üzrə davam etdiyini və komandanın son mərhələyə yaxınlaşdığını bildirib:
“Hazırlığımız plan üzrə davam edir. Artıq son mərhələyə yaxınlaşmışıq. Məqsədimiz futbolçuları oyunlara qədər hazır vəziyyətə gətirməkdir. Turnirin formatı yeni olduğu üçün rəqiblər haqqında kifayət qədər məlumatımız yoxdur. Əlimizdə olan məhdud informasiyalar əsasında işləyirik. Əsas məqsədimiz öz oyun planımıza sadiq qalmaqdır”.
Baş məşqçi turnirdə qarşıya qoyulan hədəflərdən də danışıb:
“İlk növbədə, Azərbaycanı layiqincə təmsil etmək istəyirik. Həmçinin futbolçularımızın inkişafı əsas hədəflərimizdəndir. Yaxşı çıxış etməyi, maksimum mübarizə aparmağı və ən yaxşı nəticəni göstərməyi qarşıya məqsəd qoymuşuq”.
Famil Xəlilov oyunların Bakıda keçirilməsinin komandaya əlavə motivasiya verdiyini söyləyib:
“Təbii ki, bu, bizim üçün əlavə motivasiyadır. Futbolçulara bu məsuliyyəti dərk etməyə çalışdıqlarını izah etmişik. İnanıram ki, bunun öhdəsindən gələcəyik”.
Mütəxəssis turnirdəki oyunların sayı və heyətin 14 futbolçudan ibarət olması ilə bağlı mümkün çətinliklərə də toxunub:
“Bu məsələni nəzərə almışıq. Futbolçuların fiziki cəhətdən yüklənmə ehtimalı yüksəkdir. Lakin oyun formatı tez-tez əvəzetmələr etməyə imkan verir. Bu amili nəzərə alaraq vəziyyəti tənzimləməyə çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan millisi yarış çərçivəsində ilk oyununu oktyabrın 24-də saat 19:30-da “Crystal Hall”da Timor-Leste yığmasına qarşı keçirəcək.
Yığmamız oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya ilə qarşılaşacaq. Oktyabrın 26-da isə millimizi saat 11:30-da İsrail, saat 18:15-də Haiti ilə görüşlər gözləyir. Bu oyunlar Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

https://qalaba.az//uploads/photo/famil-xelilov-hedefimiz-azerbaycani-layiqince-temsil-etmekdir.webp