Azərbaycan millisinin dünya çempionatındakı növbəti rəqibi bəlli oldu
Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi yığma C Divizionunun (65–96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili millisi ilə qarşılaşacaq.
Görüş oktyabrın 28-də Hövsan Yarış Kompleksinin 7B stadionunda keçiriləcək. Matç saat 11:30-da başlayacaq.
Azərbaycan – Çili qarşılaşmasının qalibi növbəti mərhələdə Belarus – Cəbəllütariq cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub komanda isə həmin cütün uduzan tərəfi ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Yığmamız qrup mərhələsində Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili 3:1 hesabı ilə məğlub edib. Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.
Təqvimə əsasən, millimiz oktyabrın 28-dən 30-dək daha beş oyun keçirəcək. Bununla da Azərbaycan yığmasının turnirdəki qarşılaşmalarının sayı 10-a çatacaq.
Xatırladaq ki, 189 ölkənin təmsil olunduğu mundialda 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Oktyabrın 30-da başa çatacaq turnirin final görüşü Bakı Kristal Zalında təşkil olunacaq.

https://qalaba.az//uploads/photo/azerbaycan-millisinin-dunya-chempionatindaki-novbeti-reqibi-belli-oldu.webp